BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib

BMU ali təhsil müəssisələrinin sərgisində iştirak edib

Bakı Mühəndislik Universiteti (BMU) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Sabunçu Gənclər Evininin təşkil etdiyi “Azərbaycan universitetləri sərgisi 2020”- də iştirak edib.

Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev açılış nitqi ilə çıxış edərək bildirib ki, sərginin keçirilməsinin məqsədi ali təhsil müəssisələrini abituriyentlərə tanıtmaq və seçəcəkləri ixtisaslarla yaxından tanış etməkdir. O, sərginin Sabunçu rayonunda fəaliyyət göstərən 47 məktəbin IX, X, XI siniflərində təhsil alan abituriyentlər üçün nəzərdə tutulduğunu qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Sərgidə yer alan BMU-nun stendində mühəndislik, beynəlxalq əlaqələr, memarlıq və inşaat, eləcə də digər sahələr üzrə təqdimatlar keçirilib. Bununla yanaşı, tələbələr tərəfindən hazırlanmış startap layihələri, ali təhsil ocağının fəaliyyəti, xarici əlaqələri, iş dünyası ilə əməkdaşlığını əks etdirən vəsaitlər və videoçarxlar nümayiş olunub. 

Sərgidə BMU-nun Riyaziyyat və informatika kafedrasının baş müəllimi Bəhman Məmmədov təmsil etdiyi ali təhsil müəssisəsində olan ixtisaslar haqqında geniş məlumatların əks olunduğu təqdimatla çıxış edib və abituriyentləri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, bir gün davam edən sərgidə ümumilikdə 22 ali təhsil müəssisəsi və 5 kollec iştirak edib.

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər