BMU “Azərbaycan universitetlərinə virtual infotur” layihəsində iştirak edib

BMU “Azərbaycan universitetlərinə virtual infotur” layihəsində iştirak edib

Sabunçu Gənclər Evinin təşkilatçılığı ilə keçirilən “Azərbaycan universitetlərinə virtual infotur” layihəsi çərçivəsində növbəti onlayn səyahət Bakı Mühəndislik Universitetində (BMU) baş tutub.

İnfoturda iştirak edən BMU-nun Elmi işlər üzrə prorektoru, i.ü.f.d., dosent Elçin Süleymanov universitet haqqında təqdimatla çıxış edib. Universitetin tarixi, tədris olunan və yeni yaradılan ixtisaslardan söz açan prorektor tələbələr üçün yaradılan şərait haqqında geniş məlumat verib. E.Süleymanov BMU-nun fəaliyyət istiqamətləri, elektron məlumat sisteminin mövcudluğu, burada yaradılan müasir maddi-texniki baza, Texnopark, labarotoriyalar haqqında ətraflı danışıb.

Universitetin beynəlxalq əlaqələrindən söz açan prorektor BMU-nun xarici universitetlərlə ikitərəfli əlaqələrdən, Cənubi Koreyanın İnha Universiteti ilə ikili diplom proqramının tətbiqindən, universitetin beynəlxalq təhsil proqramlarında, o cümlədən Erasmus+ KA1,  Almaniyanın DAAD tələbə-müəllim mübadilə proqramı və ABŞ-ın Fulbright elmi-tədqiqat işi üzrə  mübadilə proqramlarında iştirakına da toxunub.

Prorektor, eyni zamanda, tədrisdə innovativ texnologiyaların tətbiqindən, tələbələrin müxtəlif proqramlaşdırma müsabiqə və yarışmalarda qazandıqları nailiyyətlərdən, professor-müəllim heyətinin məqalələrinin beynəlxalq elmi jurnallarda dərc olunmasını xüsusi vurğulayıb. O, universitetin inkişaf strategiyası barədə məlumat verib.

Prorektor pandemiya dövründə Sabunçu Gənclər Evinin həyata keçirdiyi layihəni yüksək qiymətləndirib.

Sonda BMU haqqında videoçarx nümayiş olunub, abituriyentləri və tələbələri maraqlandıran suallar  cavablandırılıb.

BMU haqqında virtual infotura Sabunçu Gənclər Evinin feysbuk səhifəsində (https://www.facebook.com/sabunchu.ge/videos/1430195877181252/?v=1430195877181252) baxmaq mümkündür.

Qeyd edək ki, iyunun 1-də start götürən virtual infotur iyunun 30-da yekunlaşacaq. İnfoturun keçirilməsində məqsəd abituriyentlərə  və onların  valideynlərinə ali təhsil müəssisələri haqqında  geniş məlumat vermək və onları universitetlərlə yaxından tanış etməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər