BMU-da “Horizon 2020” proqramı üzrə məlumat günü

17 Dekabr 2019
BMU-da “Horizon 2020” proqramı üzrə məlumat günü

Bakı Mühəndislik Universitetində (BMU) AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin rəhbərliyi altında Avropa Komissiyasının “Horizon 2020” proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsi (MƏŞŞ) tərəfindən seminar təşkil olunub.

Təhsil Nazirliyinin dəstəyi, MƏŞŞ üzvləri və AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinin əməkdaşlarının iştirakı ilə keçirilən seminar məlumatlandırma xarakteri daşıyıb.

Öncə BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov “Horizon 2020” proqramının önəmi barədə danışıb və BMU müəllimlərinin bu proqramdan yararlanacağına inamını ifadə edib.

AMEA Rəyasət Heyəti aparatı Beynəlxalq əlaqələr idarəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva Azərbaycan elmi ictimaiyyətinin “Horizon 2020”nin imkanlarından istifadə üzrə hazırkı vəziyyəti, bu fəallığın yüksəldilməsi üzrə AMEA və MƏŞŞ üzvləri tərəfindən həyata keçirilən işlər barədə məlumat verib. O, seminar iştirakçılarını proqramın tarixi və büdcəsi ilə tanış edib, tədqiqatı və innovasiyaları dəstəkləyən proqramda 3 aspektin – yüksək səviyyəli elm, raqəbatə davamlı sənaye və inkişaf etmiş cəmiyyətin əsas götürüldüyünü sözlərinə əlavə edib.

Euratom proqramı üzrə milli əlaqələndirici, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin əməkdaşı və Tibb Universitetinin müəllimi Fuad Novruzov “Horizon 2020” layihələrinin hazırlanması və qiymətləndirilməsi mövzusunda çıxış edib. O, çağırışa qoşulma yolları, yazılacaq layihələrin strukturu və mövzusu barədə ətraflı məlumat verib.

Sənətkarlıq, təlim və karyeranın inkişafı üzrə Mari Skladovskaya Küri Təqaüd proqramı üzrə milli əlaqələndirici, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Antik dövr arxeologiyası şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Zaur Həsənov bu istiqamət üzrə fərdi və qrup qrantlarının alınması, həmçinin layihələrin hazırlanması mövzusunda çıxış edib.

Kiçik və orta müəssisələrin inkişafı proqramı üzrə milli əlaqələndirici, BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov “Horizon 2020” layihələrində universitetin iştirakı haqqında təcrübələrini bölüşüb.

Seminar iştirakçıların suallarının cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, “Horizon 2020”, Avropa Komissiyasının Tədqiqat və İnnovasiyanı maliyyələşdirən ən böyük  proqramıdır. Proqramın büdcəsi 7 il müddətinə (2014-2020) 80 milyard avro təşkil edir. Tədqiqatı və innovasiyaları dəstəkləyən Horizon 2020 proqramı 3 istiqamətdə fəaliyyət göstərir: Qabaqcıl elm, Sənaye liderliyi, Sosial Çağırışlar. Bu proqram, həmçinin Avropa Tədqiqat Sahəsinin daha da inkişaf etdirilməsinə yönəlmiş tədbirləri nəzərdə tutur. Bu fəaliyyətin məqsədi maneələrin aradan qaldırılması və vahid məlumat, tədqiqat və innovasiya bazarının yaradılmasıdır.

Proqram haqqında daha ətraflı məlumatı aşağıdakı linklərdən əldə etmək olar: https://ec.europa.eu/programmes/horizon2020/enhttp://bei.science.gov.az/az/horizon

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər