BMU-da IT sahəsi üzrə təlimlər təşkil olunacaq

03 Dekabr 2019
BMU-da IT sahəsi üzrə təlimlər təşkil olunacaq

Bakı Mühəndislik Universitetində (BMU) “ATL Tech” şirkətinin nəzdində fəaliyyət göstərən “ATL Academy”-nin nümayəndəsi ilə görüş keçirilib. Görüşdə BMU-nun Müəssisələrlə əlaqələr və karyera Departamentinin direktoru Gülçöhrə İbrahimova, universitetin Kompüter və informasiya texnologiyaları kafedrasının müdiri Babək Abbasov və “ATL Academy” şirkətinin Satış şöbəsinin müdiri Şahin Məmmədov iştirak edib.

Görüşün əsas məqsədi BMU-nun Kompüter və informasiya texnologiyası kafedrasının tələbələri üçün IT sahəsi üzrə professional texniklər tərəfindən ödənişsiz, həmçinin silsilə təlimlərin keçirilməsi olub.

Müzakirələr zamanı bildirilib ki, “ATL Academy” hazırki mərhələdə “Code School” daxilində Software Development Fundamentals, Frontend və Backend Software Development kimi sahələr üzrə “bootcamp” üsulu ilə kurslar təqdim edir. Növbəti mərhələlərdə isə kurslar IT sahəsinin müxtəlif istiqamətlərini əhatə edəcəkdir.

Görüş zamanı BMU-da IT sahəsində konkret mövzunu əhatə edən praktiki təlimin keçirilməsi müzakirə olunub. Bununla yanaşı, görüşdə gələcək əməkdaşlıqla bağlı müxtəlif təkliflər nəzərdən keçirilib.

Qeyd edək ki, “ATL Academy” şirkəti rəqəmsal transformasiya, rəqəmsal strateji inkişaf, süni zəka, proqram təminatlarının hazırlanması və inkişafı, sistemlərin inteqrasiyası,  texniki layihələrin idarəedilməsi üzrə ixtisaslaşmış və 10 ildən çox təcrübəsi olan “ATL Tech” tərəfindən təsis edilib. 2018-ci ildə “ATL Tech” ilə BMU arasında birgə fəaliyyət göstərmək məqsədilə əməkdaşlıq müqaviləsi imzalanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

 

Digər xəbərlər