BMU-da pedaqoji təcrübəyə göndərilən tələbələrlə görüş keçirilib

17 Fevral 2020
BMU-da pedaqoji təcrübəyə göndərilən tələbələrlə görüş keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) Pedaqoji fakültənin sonuncu kursunda təhsil alan tələbələrin pedaqoji təcrübəyə göndərilməsi ilə bağlı tədbir keçirilib.

Fakültənin dekanı, dosent Elşad Abdullayev pedaqoji təcrübənin tələbələrin biliklərinin zənginləşdirilməsi baxımından mühüm əhəmiyyətindən söz açıb. O, tədris ilinin sonuncu semestrinin tələbələr üçün çox vacib olduğunu diqqətə çatdırıb və bu semestrin universitet həyatı ilə iş həyatı arasında keçid rolu oynadığını bildirib. Dekan tələbələrə universitetdə öyrəndikləri bilikləri pedaqoji təcrübə zamanı praktik cəhətdən tətbiq edəcəklərini xatırladıb. E.Abdullayev tələbələrin 55 %-nin əsasən ingilisdilli özəl məktəblərdə, 45%-nin isə dövlət məktəblərində təcrübə keçəcəklərini qeyd edib və onlara uğurlar arzulayıb.

Pedaqoji fakültənin tədris işləri üzrə dekan müavini, dosent Seyran Qayıbov təcrübənin mahiyyəti və qaydaları, eyni zamanda onun təşkili ilə bağlı məsələlər, metodist, pedaqoq və psixoloqun məktəblərdə əlaqəli şəkildə işləməsinin vacibliyi haqqında ətraflı məlumat verib. O, tələbələrin təcrübə müddətində fəaliyyəti, davamiyyət balınının hesablanması qaydalarından da danışıb.

Təcrübə şöbəsinin müdiri Həzi Qasımov bu tədris ilində beynəlxalq təhsil sistemləri ilə işləyən məktəblərə və təhsil müəssisələrə gedən tələbələrin sayının artdığını bildirib. H.Qasımov təcrübə müddətində davamiyyət və məktəbin daxili nizam-intizam qaydalarına riayət olunmanın vacibliyini nəzərə çatdırıb.

Pedaqogika kafedrasının baş müəllimi Hüseyn Xəlilov müəllim şagird münasibətləri ilə bağlı tövsiyələrini verib, təcrübə müddətində tələbələrin özlərini yaxşı təqdim edəcəyinə inamını ifadə edib.

Sonra BMU-nun məzunu, Oxford məktəbinin müəllimi Rüfət Əsədzadə “Təcrübədə iş həyatı” adlı təqdimatla çıxış edib.

Konfrans tələbələri maraqlandıran sualların cavablandırılması ilə sona çatıb.

Qeyd edək ki, pedaqoji təcrübə 17 fevral-24 may tarixlərini əhatə edəcək. Tələbələr  Akademik Zərifə Əliyeva adına lisey, Avropa Azərbaycan məktəbi, Zirvə liseyi, İdrak liseyi, Azərbaycan Britaniya kolleci, Landau məktəbi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və Xırdalan şəhərində yerləşən orta məktəblərdə pedaqoji təcrübədə olacaqlar.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər