BMU-da yaz imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları

28 May 2020
BMU-da yaz imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları

Bakı Mühəndislik Universitetində

2019/2020-ci tədris ilinin yaz semestrinin

imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi qaydaları

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixli 179 nömrəli qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin ali təhsil müəssisələrin rəhbərlərinə ünvanladığı 20 may 2020-cu il tarixli 01-11-522/15 saylı məktubundan irəli gələn tələbləri təmin etmək məqsədi ilə Bakı Mühəndislik Universitetində 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının keçirilməsi və biliyin qiymətləndirilməsi ilə bağlı aşağıdakı qaydalar müəyyənləşdirilir:

1.  2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası 8 iyun tarixindən etibarən 5 həftə ərzində onlayn qaydada test və frontal sorğu formasında təşkil olunsun;

2.  Hər bir fənn üzrə imtahan sualları sessiyadan 10 gün əvvəl kafedra müdiri tərəfindən təsdiq olunsun;

3.  İmtahan sessiyasından 10 gün əvvəl imtahanların keçirilmə forması, tarixləri və saatları (cədvəl şəklində) tələbələrə elan olunsun;

4.  Formasından asılı olmayaraq onlayn keçirilən bütün növ imtahanlar fənn müəllimi tərəfindən elektron qaydada arxivlənsin. Fərdi qaydada arxivlənmiş materialların universitetin vahid bazasına köçürülməsi üçün İHM şöbəsi tərəfindən müvafiq imkanlar təmin edilsin;

5.  Onlayn Test formasında imtahanların Google Clasroom platformasında (istisna hallarda digər elektron platformalarda) keçirilməsi təmin olumalıdır. İmtahanlar bu platformalarda elektron yaddaşa yazılmalıdır. Onlayn imtahan hər test 2 bal qiymətləndirilməklə 50 test sualı üzrə aparılsın, imtahan nəticəsi 100 balla qiymətləndirilsin. İmtahanda istifadə olunacaq test tapşırıqlarının aid olduğu mövzu və alt mövzular əvvəlcədən tələbələrə bildirilsin. İmtahan müddəti 90 dəqiqə nəzərdə tutulur. İmtahan yekunlaşdıqdan sonra qiymət tələbələrə elan olunsun. İmtahan nəticələri ən geci 24 saat ərzində universitetin elektron sisteminə daxil edilsin;

6.  Onlayn Frontal Sorğu formasında imtahanların Google meet və ya Zoom canlı video konfrans platformalarında keçirilməsi təmin olumalıdır. İmtahanlar bu platformalarda elektron yaddaşa yazılmalıdır. Bütün imtahanlarda müəllimlə yanaşı kafedra tərəfindən bir nəfər assistentin iştirakı təmin edilsin. Tələbələrə frontal imtahan zamanı kafedra tərəfindən əvvəlcədən verilmiş 30 sual əsasında 3 sualdan ibarət imtahan bileti elektron sistem vasitəsilə avtomatik qaydada təyin olunur. Cavab vermək üçün hər tələbəyə 20 dəqiqə vaxt nəzərdə tutulur. 5 nəfərlik qruplar şəklində imtahan təşkil olunsun. İmtahan zamanı texniki səbəbdən canlı bağlantı kəsilərsə bağlantı bərpa olunduqdan sonra fasilə müddətindən, tələbənin verdiyi cavabın əhatəsindən və s. vəziyyətlərdən asılı olaraq yenidən bilet seçilə bilər. Tələbə cavab verib qurtardıqdan sonra qiyməti ona elan olunsun. İmtahan nəticələri ən geci 24 saat ərzində universitetin elektron sisteminə daxil edilsin;

7.  Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə (Ümumi Orta Müvəffəqiyyət Göstəricisinə - ÜOMG) uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunsun. Dövlət imtahanının ÜOMG əsasında qiymətləndilməsinə razı olmayan tələbələrə cari imtahan sessiyası müddətində ənənəvi qaydada dövlət imtahanları təşkil olunsun. Bu məqsədlə buraxılış kursundakı tələbələrə onlayn anket sorğusu keçirilərək qiymətləndirmə formasını seçmək imkanı verilsin;

8.  Təhsilin bakalavriat səviyyəsində buraxılış işinin müdafiəsi və magistratura səviyyəsində magistrlik dissertasiyasının müdafiəsi universitetdə ənənəvi qaydada qanunvericilikdə nəzərdə tutulan qaydada keçirilsin;

9.  Universitetdə ənənəvi qaydada imtahanların keçirilməsi zamanı koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair qaydalara əməl edilsin;

10.  Təhsilin bakalavriat səviyyəsində istehsalat və pedaqoji təcrübələrin, magistratura səviyyəsində isə elmi pedaqoji və elmi tədqiqat təcrübələrinin qiymətləndirilməsi təcrübə rəhbərinin rəyi əsasında aparılsın;

11.  Keçmiş semestrlərdən akademik borcu qalan buraxılış kursunun tələbələri üçün sessiya müddəti ərzində ən çox iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) ödənişsiz onlayn təkrar imtahan təşkil edilsin;

12.  Keçmiş semestrlərdən akademik borcu qalan aşağı kurs tələbələri üçün 07-11 sentyabr  tarixləri  arasında, ən çox iki fənn üzrə (hər fəndən bir dəfə olmaqla) ödənişsiz qaydada ənənəvi və ya onlayn təkrar imtahan təşkil edilsin;

13.  Cari semestrdə dinlədikləri fənlərin imtahanlarında sessiya zamanı iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan buraxılış kursunun tələbələrinə sessiyadan sonrakı bir həftə ərzində cari sessiyada yaranmış bütün akademik borclarının ləğvi üçün onlayn təkrar imtahan təşkil edilsin;

14.  Cari semestrdə dinlədikləri fənlərin imtahanlarında sessiya zamanı iştirak edə bilməyən və ya iştirak edib qeyri-müvəffəq qiymət alan aşağı kurs tələbələrinə 07-11 sentyabr tarixləri arasında cari sessiyada yaranmış bütün akademik borclarının ləğvi üçün ödənişsiz qaydada ənənəvi və ya onlayn təkrar imtahan təşkil edilsin;

15.  Onlayn dərslərdə iştirakından asılı olmayaraq tələbələrə davamiyyətə görə 10 bal verilsin.

16. Cari semestr üçün aşağıdakı qiymətləndirmə balları təsdiq olunsun. Davamiyyət:10 bal, TSİ (Tələbənin sərbəst işi): 10 bal, SDF (semestrdaxili fəaliyyət): 30 bal, İmtahan: 50 bal.

17.  Ödənişli əsaslarla təhsil alan tələbələrə 2019/2020-ci tədris ilinin yaz semestrinin təhsil haqqının ödənilməsinə 15.09.2020-ci il tarixinə kimi möhlət verilsin;

18.  İmtahan zamanı müəllim tələbələrin semestrdaxili fəaliyyət (SDF) qiymətlərini onların istəyi ilə imtahan qiyməti kimi qəbul etsin. Bununla razılaşmayan tələbələrdən imtahan götürülsün;

19.  SDF qiyməti olmayan tələbənin imtahandan aldığı bal həm də onun SDF qiyməti kimi qəbul edilsin;

20.  Tələbələrin istəyi və müraciəti olduğu halda (müraciətlər iyul ayının 5-nə qədər qəbul olunur) cari ilin avqust ayı ərzində (3-4 həftə müddətində) ödənişsiz icmal mühazirələr təşkil olunsun;

21.  Yaz semestrinin nəticələrinə görə təqaüd almaq hüququ olan tələbələrin siyahısı sentyabr ayında 2020/2021-ci tədris ili başlayanadək müəyyən edilsin. Yaz semestrinin nəticəsinə görə akademik borcu yaranmış və borcunu 2020/2021-ci tədris ili başlayanadək ləğv etmiş tələbələr də növbəti semestrdə təqaüd almaq hüququ olan tələbələrin siyahısına daxil edilsin;

22.  İmtahan nəticəsindən narazı qalan tələbələr üçün onlayn şəkildə Apelyasiya təşkil edilsin;

23.  Bu qaydalar yalnız 2019/2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası üçün nəzərdə tutulub. Qaydalar yalnız qeyd olunan müddət ərzində qüvvədə qalır, növbəti semestrlərdə tətbiq edilməyəcək. Nazirlər Kabinetinin və Təhsil Nazirliyinin hər hansı qayda və əmrləri olduqda, bu qaydalara dəyişiklik aparıla bilər.

Digər xəbərlər