BMU-da yerli və xarici təlimçilərin iştirakı ilə seminar keçirilib

19 Fevral 2020
BMU-da yerli və xarici təlimçilərin iştirakı ilə seminar keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) layihə meneceri Oruc Dursunzadə, Böyük Britaniyanın Nyukasl Universitetinin Biznes Məktəbinin təlimçiləri Andrea Lane və Viktoria Braunun iştirakı ilə Bakı Mühəndislik Universitetinin (BMU) İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan tələbələr üçün seminar keçirilib.

Fakültənin dekanı, dosent Mayis Əzizov seminarın tələbələr üçün faydalı olacağına əminliyini ifadə edib.

Seminarda O.Dursunzadə “Yaradıcı Qığılcım (Creative Spark)” layihəsi barədə ətraflı məlumat verib. Bildirilib ki, layihə İİTKM-in Nyukasl Universiteti ilə birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanda sahibkarlıq və biznesin tədrisinin gücləndirilməsi, gənc sahibkarlar tərəfindən yaradılan yeni müəssisələrin dəstəklənməsi, beynəlxalq inteqrasiya və əməkdaşlıqların təbliğatı üçün ingilis dilinin daha effektiv mənimsənilməsidir. O.Dursunzadə Britaniya Şurasının dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində görülən işlərə də toxunub. Eyni zamanda, layihə meneceri http://enterpriseazerbaijan.com/ portalını tələbələrə təqdim edib, onun funksionallığı, həmçinin gənc sahibkarlar üçün yaratdığı yeni imkanlar, yerli və xarici bazarlara çıxışın yolları haqqında ətraflı məlumatları diqqətə çatdırıb. O, layihələrin və startapların portala yerləşdirmənin üstünlüklərini, eləcə də startapların təqdim olunanmasının vacibliyini ön çəkib. O.Dursunzadə mart ayında “Big İdea Challenge” startap müsabiqəsinin start götürəcəyini qeyd edib və tələbələri bu müsabiqədə aktiv iştirak etməyə səsləyib.  

Sonra təlimçi Andrea Lane “Biznes imkanları və innovasiya” adlı təqdimatla çıxış edib. O, sahibkarlıq imkanının yeni bir məhsul yaratmaq üçün əlverişli olaraq qəbul edilən iqtisadi və sosial şərtlər ilə fərdi istəklərin bir-biri ilə əlaqəsi nəticəsində yarandığını vurğulayıb. Təlimçi, həmçinin sahibkarlıq imkanları, innovasiyanın mənbələri və növləri barədə seminar iştirakçılarına ətraflı məlumat verib.

Sonda qonaqlar İqtisadiyyat və idarəetmə fakültəsinin professor-müəllim heyəti ilə görüşüb.

Görüşdə biznes və maliyyə layihələrinin həyata keçirilməsi, birgə konfransların təşkili, tələbə-müəllim mübadiləsi və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər