“Google” şirkətinin məqsədi proqramçı tələbələri bu layihəyə cəlb etməkdir

15 Sentyabr 2020
“Google” şirkətinin məqsədi proqramçı tələbələri bu layihəyə cəlb etməkdir

BMU-nun tələbəsi, “Google” şirkətinin Proqramçı Tələbələr Klubunun rəhbəri Kənan Yusubovla müsahibə

Bakı Mühəndislik Universitetinin (BMU) Kompüter mühəndisliyi ixtisası üzrə magistr tələbəsi Kənan Yusubov “Google” şirkətinin Proqramçı Tələbələr Klubu (Developer Student Clubs) proqramına Klubun yerli bölməsinin rəhbəri olaraq qəbul edilib. Azərbaycanın ali təhsil müəssisələrindən bu proqrama müraciət edənlərin çox olmasına baxmayaraq, proqrama ölkəmizdən ilk 2 nəfər tələbə qəbul olunub ki, onlardan biri BMU tələbəsi K.Yusubovdur. O, bizimlə söhbətində qarşıdakı dövrdə klub rəhbəri kimi onu məsuliyyətli bir dövrün gözlədiyini vurğulayaraq, ölkəmiz üçün yenilik olan bu layihə çərçivəsində görüləcək işlərə aydınlıq gətirdi:

-         Proqramçı Tələbələr Klubu “Google” tərəfindən yaradılan və tələbələr üçün təşkil olunan proqramdır. Azərbaycanda ilk dəfədir ki, bu kluba rəhbər təyin edilir. BMU-nun İnnovasiya Mərkəzində fəaliyyət göstərəcək Proqramçı Tələbələr Klubu sayəsində tələbələr öz təhsil mərkəzi ilə “Google” arasında əməkdaşlıq əlaqələri yarada və öz üzərində işləyərək inkişaf edə, eləcə də karyerasına böyük töhfə verə bilər. Qeyd edim ki, bu klubda rəhbərlik bir il müddətinə təyin olunur və bu müddət ərzində rəhbər və onun formalaşdırdığı klub yeni layihələr üstündə işləməli, innovativ tədbirlər həyata keçirməlidir. Formalaşmış komanda istər texniki, istərsə də texniki olmayan ixtisaslar üzrə təhsil alan tələbələrdən seçilir. Çünki əsas məqsəd tələbələr arasından proqramçıları seçə bilməkdir. İlin sonunda isə klublar öz innovativ həllini “Google”a təqdim etməlidir. Bundan əlavə, klub bir il ərzində mütəxəssislərlə və ya öz komandası arasında aktiv olaraq ən azından ayda bir dəfə də olsa, tədbirlər (seminar, vebinar  və s. ) keçirməlidir. Komanda rəhbərinin fəaliyyəti bu və digər parametrlər üzrə qiymətləndiriləcək. Əgər komanda rəhbəri aktiv olmazsaiştirak etməzsə, o öz sahəsi üzrə fəaliyyətindən uzaqlaşdırıla da bilər.

-         Proqramın yaratdığı imkanlar nədir və necə oldu ki, bu proqrama müraciət etdiniz?

-         Proqramın yaratdığı əsas imkan ondan ibarətdir ki, bir il ərzində tələbələr ixtisasları üzrə özlərini inkişaf etdirə biləcəklər. Təkcə qeyd edilən sahə üzrə bilikli, nailiyyətləri müsbət olan tələbələr deyil, həmçinin özlərini inkişaf etdirmək istəyən tələbələr də bu kluba cəlb olunacaq. Çünki bizim məqsədimiz bir illik dövrdə onların daha da inkişaf etmələrinə dəyərli töhfələr verməkdir.

Sualınızın ikinci hissəsinə gəldikdə isə Azərbaycanda bir ilə yaxındır fəaliyyət göstərən “Google Developer Group Baku” adlı feysbuk qrupunda proqramla bağlı elanı gördüm və qeydiyyatdan keçdim. Keçən ay isə intervyu baş tutdu. Azərbaycan Qafqaz regionunda olduğuna görə bizim rəhbərimiz Türkiyədə idi. Müsahibə mərhələsindən sonra seçilməyimiz haqqında məlumatı aldım.

-         Klubun əsas fəaliyyət istiqamətləri barədə nə deyə bilərsiniz?

-         Klubun əsas fəaliyyəti proqramlaşdırma ilə bağlıdır. Müxtəlif sahələrdə - istər mobil proqramlaşdırma, istər veb proqramlaşdırma, istərsə də maşın öyrənməsi sahələrində olan  proqramçı tələbələr bir yerə yığılacaq. Seminarlar təşkil olunanda qeyd olunan sahələr, yəni texniki sahələr üzrə ekspertlər dəvət olunacaq. “Google” şirkətinin bunu yaratmaqda məqsədi dünyanın müxtəlif universitetlərində təhsil alan proqramçı tələbələri bu layihəyə cəlb edə bilmək, onlara əlavə bilgilər qazandırmaqdır.

-         Klubun üstünlüyü nə olacaq və konkretləşdirsək tələbələrə hansı faydaları toxunacaq?

-         Klubun birinci üstünlüyü “Google” şirkətinin dəstək verməsidir. Bu isə təbii ki, tələbələr üçün gələcəkdə hansısa işə müraciət edəndə bir müsbət keyfiyyət kimi qiymətləndirilə bilər. Klub fəaliyyət göstərdiyi müddətdə tələbələrin öz sahələrində yeni biliklər əldə etməsinə çalışacaq. Yəni müxtəlif yerli ekspertlərlə yanaşı, xarici ekspertləri də bu prosesə cəlb etməyi düşünürük. Çünki bayaq qeyd etdiyim kimi “Google Developer Group Baku” bizə öz dəstəklərini göstərməyə hazırdır. Belə ki, onların “Google Developer” ekspertlərə birbaşa çıxışı vardır.

-         Digər ali təhsil müəssisələrində təhsil alan tələbələr kluba müraciət edə biləcəkmi və ödəniş nəzərdə tutulubmu?

-         Komanda BMU-nun tələbələri üçün nəzərdə tutulub. Amma hər hansı seminar və ya vebinar olarsa, arzu edən hər bir şəxs qoşula və bu fürsətlərdən yararlana bilər. İştirak isə tamamilə ödənişsizdir.

-         Tam olaraq fəaliyyətə nə zaman başlamağı düşünürsünüz?

-         Qeyd edim ki, BMU-nun tərkibində müasir Texnopark və İnnovasiya Mərkəzi mövcuddur. Burada fəaliyyət göstərməyimiz üçün artıq müəyyən işlər görülüb və demək olar ki, hər şey hazırdır. Təqribən bir həftə ərzində fəaliyyətə başlamağı planlaşdırırıq.

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər