Yeni texnologiyaların proqram təminatında istifadəsinə dair seminar keçirilib

18 Fevral 2020
Yeni texnologiyaların proqram təminatında istifadəsinə dair seminar keçirilib

Bakı Mühəndislik Universitetinin (BMU) Texnoparkı və İnnovasiya mərkəzinin, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının (AREA) təşkilati, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin rəqəmsal texnologiyalardan səmərəli istifadəsi yolları” layihəsinin ilk maarifləndirici seminarı keçirilib. 

Layihənin rəhbəri, BMU-nun Mühəndislik fakültəsinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının 3-cü kurs tələbəsi Tural Süleymanov layihə haqqında ətraflı məlumat verib. O, layihə çərçivəsində üç fərqli ali təhsil müəssisəsində təşkil olunacaq “Digital Twin” texnologiyaları və “Digital Twin” texnologiyasının Matlab proqram təminatından səmərəli istifadəsinə dair nəzəri və praktiki maarifləndirici seminarın gənclərə qazandıracağı yeni bilik və təcrübədən danışıb.

Seminarın təlimçisi, BMU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Manafəddin Namazov “Digital Twin” texnologiyalarının aktuallığını, əhəmiyyətini, müasir sənayedə tətbiq sahələrini və gələcək perspektivlərini təqdimat və video materiallarla izah edib.

Sonra “Digital Twin” texnologiyasının Matlab proqram təminatından səmərəli istifadəsi kompüterdə praktiki tapşırıq əsasında iştirakçılara göstərilib və bir nümunəvi məsələ həll edilib.  

Seminarın sonunda iştirakçılara sertifikatla yanaşı, layihənin adı və tərəfdaşların loqolarının əks olunduğu hədiyyələr təqdim edilib.

Eyniadlı seminarın Azərbaycan Texniki Universitetində (AzTU) və Sumqayıt Dövlət Universitetində (SDU) təşkil olunması nəzərdə tutulur.

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər