Hindistan səfiri BMU-da tədbirdə iştirak etdi



   Bakı Mühəndislik Universitetində Hindistan azadlıq hərəkatının böyük lideri və sülhün müdafiəçisi Mahatma Qandinin anadan olmasının 150-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti və tələbələrlə yanaşı Hindistan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Şri B.Vanlalvavna da iştirak edib.

   İlk öncə qonaqları qəbul edən universitetin rektoru, professor Havar Məmmədov təhsil müəssisəsinin fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, universitetdə mühəndislik, iqtisadiyyat və pedaqoji  ixtisaslar üzrə kadr hazırlığı həyata keçirilir. Rektor xüsusi vurğulayıb ki, əksər ixtisaslarda tədris ingilis dilində aparılır. Bu da universitetin beynəlxalq əlaqələrinin inkişafına və beynəlxalq mübadilə proqramlarında iştirakına imkan verir. Hindistanın dünyada xüsusilə İT sahəsinə verdiyi töhfələrlə tanındığını qeyd edən rektor BMU-nun Hindistan universitetləri ilə əməkdaşlığına maraqlı olduğunu bildirib.

   Səfir səmimi qəbula və tədbirin təşkilinə görə universitet rəhbərliyinə təşəkkür edib. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və təhsil əlaqələrinin inkişafının vacibliyindən danışıb. Qeyd edib ki, təhsil əlaqələrinin inkişafı xalqların intellektual səviyyələrinin yüksəlməsinə xidmət edir.

   Daha sonra universitetin akt zalında baş tutan tədbirdə hər iki ölkənin dövlət himnləri səsləndirilib və ardından Hindistan azadlıq hərəkatının lideri Mahatma Qandinin həyatını əks etdirən film nümayiş etdirilib.

   Tədbirdə çıxış edən professor Havar Məmmədov Mahatma Qandinin xatirəsinə həsr olunmuş tədbirin xalqlarımız arasında yaxınlığa və gənclərin Qandi ideyalarının öyrənmələrinə töhfə olduğunu diqqətə çatdırıb. Onun ideyalarının dünyanı sülhə və insanlar arasında irqi ayrıseçkiliyin ortadan qaldırılmasına xidmət etdiyini bildirib.

   Səfir Şri B.Vanlalvavna da öz növbəsində Mahatma Qandinin Cənubi Afrikada olduğu illərdə meydana gətirdiyi ideologiyasının mahiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Qandi ideyalarının və onun fəlsəfəsinin tarixin bütün vaxtlarında dünya üçün aktuallığından və əhəmiyyətindən danışıb. Bildirib ki, Qandinin beynəlmiləl olması onun sülhsevərliyindən irəli gəlir.   

   Tədbir BMU tələbələrinin ifasında Hind rəqsləri və müsiqiləri ilə davam edib.

Digər xəbərlər

BMU-nun müəlliminin iştirakı ilə şagirdlər üçün ehtiyat dərslik hazırlanıb
Ətraflı   19-Mar-2019
İqtisadiyyat və İdarəetmə fakültəsində qrup nümayəndələri ilə növbəti görüş..
Ətraflı   19-Mar-2019
Ən fəal tələbə-könüllülər mükafatlandırılıb
Ətraflı   18-Mar-2019
BMU-da Karyera sərgisi keçirilib
Ətraflı   18-Mar-2019