Universitetimizin əməkdaşları NİZAMİ Erasmus+ KA2 layihəsinin yekun tədbirlərində iştirak ediblər



    Bakı Mühəndislik Universiteti fəaliyyətə başladığı gündən təlim–tədris, elmi-tədqiqat işləri ilə yanaşı özünün beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi istiqamətində də xeyli işlər görmüşdür. Belə ki, BMU beynəlxalq əlaqələrin inkişaf etdirilməsi istiqamətində Avropa İttifaqının bir neçə proqram və layihələrində, Türkiyənin MEVLANA və Almaniyanın DAAD mübadilə proqramında, İngiltərənin “Creative Spark” layihəsində, xarici tərəfdaşları ilə ikitərəfli əməkdaşlıq müqavilələri çərçivəsində və əcnəbi tələbələrin universitetə cəlb edilməsi üçün bir çox uğurlu işlərdə aktiv iştirak etmişdir. Belə işlərdən biri də Avropa İttifaqının maliyyə dəstəyi ilə Fransanın Montpelye Universitetinin rəhbərliyi ilə 2015-ci ildən icra olunan və BMU-nun tərəfdaş kimi iştirak etdiyi Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil məkanının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi (NİZAMİ) Erasmus+ KA2” layihəsini qeyd etmək istərdik.

    “NİZAMİ” layihəsinin məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, bu təhsil səviyyəsində keyfiyyətin təminatı və beynəlmiləlləşməyə nail olunması, doktorantura təhsil standartlarının müəyyənləşdirilməsi, doktorantların təhsili müddətində və təhsillərini bitirdikdən sonra iş yerləri ilə təmin olunması mexanizminin Avropa təcrübəsi əsasında işlənməsi, ölkə üzrə doktorantura təhsili aparan təhsil müəssisələrini birləşdirən Milli İdarəetmə Portalının (NMP) təşkilindən ibarət olmasıdır. Layihənin hədəflərinə həmçinin elmi-tədqiqat istiqamətlərinin düzgün müəyyənləşdirilməsi və səmərəliliyinin yüksəldilməsi, doktorantura təhsili standartlarının Avropa standartlarına uyğunlaşdırılması, doktorantura təhsilində mübadilə proqramlarının genişləndirilməsi, bu səviyyə üzrə diplomların qarşılıqlı tanınması və ölkəmizdə elmi kadr potensialının yüksəldilməsinə töhfələr verməsi də daxildir.

     “NİZAMİ” layihəsi icra olunduğu müddətdə 5 Avropa (Fransa, İsveç, Çexiya, Almaniya və İspaniya) və Azərbaycandan 8 universitet, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin iştirakı ilə cəmi 15 layihə tərəfdaşı arasında təcrübə mübadiləsi ilə üç il yarım (2015-2019 illər ərzində) davam etmişdir. Layihə çərçivəsində Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil standartlarının tələblərinə uyğun yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində tərəfdaş qurumların birgə iş apardığını və ölkəmizin Avropa təhsil sisteminə inteqrasiyasının təşkili üzərində çalışılmışdır.

     BMU sözügedən layihədə aktiv iştirak etmiş və Magistratura və doktorantura şöbəsi tərəfindən toplanılmış Avropa Ali Təhsil Müəssisələrinin qabaqcıl təcrübələri və qurulmuş əməkdaşlıq əlaqələri şöbənin əməkdaşları tərəfindən yenilənmiş tədbirlər planı çərçivəsində səmərəli istifadə olunmağa başlanılmışdır. Bu işdə universtetin Beynəlxalq əlaqələr üzrə prorektorluğun nəzdində fəaliyyət göstərən Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin də rolu və dəstəyi olmuşdur ki, “NİZAMİ” layihəsinin Avropalı tərəfdaşları ilə beynəlxalq əlaqələrin qurulması və inkişaf etdirilməsi istiqamətində nəinki Magistratura və doktorantura şöbəsinə, hətta universtetin digər fakültə, kafedra və şöbələrinin əməkdaşlarının faydalana biləcəyi proqram və layihələr üzərində davamlı işlər aparmışdır.

    Qeyd edək ki, “NİZAMİ” layihəsi rəsmi olaraq 14 aprel 2019-cu il tarixində yekunlaşmış və bu münasibətlə iki iclas təşkil olunmuşdur. Bu iclaslardan biri Fransanın Montpelye Universitetində 1-3 aprel 2019-cu il tarixlərində təşkil edilmişdir. Bu tədbirdə BMU-nu Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Manafəddin Namazov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov və Magistratura və doktorantura şöbəsinin aparıcı mütəxəssisi Ülkər Abdurəhmanova təmsil ediblər.

     Layihənin yekun tədbiri isə Hyatt Regency Bakı Otelinin Quba konfrans zalında 12 aprel 2019-cu il tarixində keçirilmişdir. Bu tədbirdə BMU-nu Elmi işlər üzrə prorektor, dosent Elçin Süleymanov, Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov, Magistratura və doktorantura şöbəsinin müdiri, dosent Rauf Məmmədov, şöbənin aparıcı mütəxəssisi Ülkər Abdurəhmanova, universitetin iki dissertantı Bəhlulzadə Süheyla və Ələkbərli Sain təmsil ediblər.

     Avropa İttifaqının maliyyələşdirdiyi NİZAMİ Erasmus+ KA2 layihəsi haqqında daha ətraflı məlumat əldə etmək üçün bu linkdən (https://nizami.edu.umontpellier.fr/) istifadə edə bilərsiniz.

 

Digər xəbərlər

BMU tələbələrinin yaradıcılıq sərgisi keçirilib
Ətraflı   11-Jul-2019
BMU-nun tələbələrinə təlimlər keçirilib
Ətraflı   09-Jul-2019
BMU-nun əməkdaşları Beynəlxalq təlimdə iştirak ediblər
Ətraflı   06-Jul-2019
"Yeni Fikir VI" startap müsabiqəsinin final mərhələsi keçirilib
Ətraflı   05-Jul-2019