Bədii yaradıcılıq


   Bakı Mühəndislik Universitetinin (BMU) mədəni həyatı özünəməxsusluğu ilə seçilir. Tələbələrin hərtərəfli yetişməsində özünəməxsus mövqeyi olan Bədii yaradıcılıq bölməsi fəaliyyətində incəsənətin məna və mahiyyətini, onun insanların qəlbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini xüsusi dəyərləndirir. Universitetdə incəsənətinin müxtəlif sahələrində yeni istedadların yetişməsi üçün işgüzar şərait yaradılıb ki, bu da müasir dövrdə mənəvi-əxlaqi normaların bütün səviyyələrdə qorunmasını təbliğ etməyə, gəncləri kamilliyə çağıran praktik təsir gücünə malikdir. Əlamətdar tarixi günlər və hadisələr, xalq bayramları, il ərzində respublikanın həyatında baş verən mühüm hadisələrlə əlaqədar keçirilən tədbirlərdə bədii özfəaliyyət kollektivləri yaxından iştirak edirlər. Özfəaliyyət dərnəklərində iştirak edən tələbələr tanıtım, təqdimat, əyləncə və bayram proqramları, xatirə və yaradıcılıq gecələri, sərgilər təşkil edir, mədəni-kütləvi tədbirlərin keçirilməsi və təşkili işində yüksək bacarıq və qabiliyyət nümayiş etdirirlər.

Rəqs


    Universitetin rəqs özfəaliyyəti kollektivi Xalq artisti Yusif Qasımov tərəfindən qurulub. Kollektivin repertuarında Azərbaycan, qazax, türk, özbək və digər türkdilli xalqların milli rəqsləri ilə yanaşı, Avropa rəqsləri də geniş yer alıb. Rəqs özfəaliyyəti kollektivi universitetdə əlamətdar tarixi günlər və hadisələrlə bağlı təşkil olunan bədii proqramlarda, kütləvi bayram şənliklərində, respublikanın həyatında baş verən mühüm hadisələrlə əlaqədar keçirilən tədbirlərdə çıxış edir, müxtəlifyönlü müsabiqə və festivallarda universiteti layiqincə təmsil edir. Universitetin rəqs özfəaliyyəti kollektivi qızlardan və oğlanlardan ibarət ayrılıqda və kollektiv rəqslər hazırlayır. Qızlardan ibarət rəqs kollektivinin bədii rəhbəri Səbinə Musayevanın quruluşu əsasında hazırlanan “Azərbaycan”, “Nəlbəki”, “Naz eləmə”, “Şalı-şalı”, “Qavalla rəqs”, “Sudan gələn sürməli qız”, “Tərəkəmə” və s. bu kimi Azərbaycan və milli xalq rəqslərindən ibarət “Popuri” özünün lirikliyi, zərifliyi, incəliyi ilə seçilirlər. Oğlanlardan ibarət rəqs kollektivinin bədii rəhbəri Əfsun Bayramovun quruluşu əsasında hazırlanan “Şəki”, “Qazağı”, “İgidlər” və “Qaytağı” kimi xalq rəqslərinə coşğun hisslər, cəld ritm, güc və temperament xasdır. Hər iki qrupun ifasında təqdim olunan “Yallı”, “Cəngi”, “Azərbaycan suitası”, “Azərbaycan bayrağı” kimi milli musiqimizi, adət-ənənəmizi, folklorumuzu əks etdirən kollektiv ifa olunan lirik rəqslər dünyada yerini tutmuş ən zəngin rəqslərdir.

   Hər il rəqs özfəaliyyəti kollektivinin yaradıcı uğurları daha da artır. Belə ki, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının respublikada keçirdiyi “Tələbə baharı” yaradıcılıq festivalının, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən keçirilən Ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələri şagird və tələbələrinin bədii yaradıcılıq müsabiqəsinin hər il iştirakçısı olaraq “Milli rəqslər” və “Xarici rəqslər” nominasiyası üzrə qalib olub.

Tələbə teatr studiyası


    Teatr incəsənəti universitetdə təhsil alan hər bir gəncin zəruri mənəvi tələbatına çevrilib. Bədii yaradıcılıq bölməsinin tərkibində Tələbə Teatr studiyası fəaliyyət göstərir. Tələbə Teatr Studiyası iki-dram özfəaliyyəti kollektivi və  Şən və Hazırcavablar Klubu (ŞHK) istiqamətində fəaliyyət göstərir. BMU-nun Tələbə teatr studiyası kollektivi müasir həyatla əlaqə baxımından çağdaş tələblərə cavab verən tamaşalar hazırlayır. Həvəskar tələbələr teatrdan estetik zövq almaqla yanaşı, həm də bilik və mədəni səviyyələrini yüksəldirlər. Repertuarda tarixi və əlamətdar günlərə həsr olunmuş tematik səhnə əsərləri ilə bir sırada klassik və tarixi mövzulara da üstünlük verilir.

     Özfəaliyyət kollektivinin bədii rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovanın verdiyi quruluş əsasında müxtəlif illərdə Ə.Səmədlinin “Qanlı bənövşə”, A.Səfərlinin “Sən kimə güllə atacaqsan”, F.Karrintinin “Təhsil haqqını geri qaytarın”, A.Mehdiyevin “Başlanğıc”, C.Məmmədquluzadənin “Kamança”, Hacı Mirabdullanın “Xocalıdan gələn səslər” pyesləri əsasında eyniadlı tamaşalar, “Tarixin Xocalı dərsi”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qış nağılı” adlı ədəbi-bədii kompozisiyalar hazırlanıb.

    Özfəaliyyət kollektivinin çıxışlarının professional səhnələrdə nümayişi üçün də geniş imkanlar yaradılır. İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” pyesi Azərbaycan Dövlət Opera və Balet Teatrının, Naxçıvan Dövlət Konservatoriyasının səhnəsində, “Hökmdar və qızı” əsəri əsasında “Qarabağnamə” tamaşası isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Əli Əmirlinin “Ağqoyunlular və Qaraqoyunlular” adlı tamaşası Sumqayıt Dövlət Dram Teatrında, Abşeron, Şamaxı rayon Mədəniyyət Saraylarında, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin həyat və fəaliyyətinə həsr olunmuş “Mesenat” tamaşası isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında və Abşeron rayon Mədəniyyət Mərkəzində, B. Vahabzadənin “Göytürklər” pyesi əsasında hazırlanan “Özümüzü kəsən qılınc” tamaşası Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında və Mingəçevir Dövlət Teatrında, H. Mirələmovun “Xəcalət” povesti əsasında hazırlanmış eyniadlı tamaşa V. Mustafazadə adına Pirallahı rayon Mədəniyyət Mərkəzində, Anarın “Keçən ilin son gecəsi” pyesi əsasında hazırlanan eyniadlı tamaşası Azərbaycan Dövlət Rus Dram Teatrında nümayiş olunub.

    Bədii yaradıcılıq bölməsinin tərkibində fəaliyyət göstərən ŞHK komandası müxtəlif müsabiqələrdə, o cümlədən, Bakı Şəhəri Şən və Hazırcavablar Klubunun Aktyorlar evində təşkil etdiyi Ali Məktəblərarası Milli KVN Superliqasında müvəffəqiyyətlə iştirak edib.

Musiqi özfəaliyyəti


    Universitetin musiqi özfəaliyyəti dərnəyinin tərkibində musiqi incəsənətinin müxtəlif janrları üzrə özfəaliyyət qrupları: xor, solo ifaçılıq, rok-musiqisi və s. fəaliyyət göstərir. Musiqiduyma qabiliyyəti, səs, ümumi ifa və solo imkanlarına və bacarıqlarına malik olan tələbələrdən təşkil olunan xor kollektivi gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi və onların bədii-estetik səviyyəsinin yüksəlməsinə yaxından kömək göstərir. Musiqi özfəaliyyəti kollektivinin repertuarında Azərbaycan bəstəkarlarının əsərləri və Azərbaycan xalq mahnıları, o cümlədən müxtəlif dillərdə müxtəlif xalqların mahnıları əsas yer tutur. Kollektiv və solo ifaçıların çıxışlarında folklorumuzdan, klassiklərdən, müasir şair və bəstəkarların əsərlərindən istifadə etməklə yanaşı, doğma vətənimizə məhəbbət, torpaqlarımızın azadlığını və bütövlüyünü tərənnüm edən əsərlərə geniş yer verilir.

  Musiqi özfəaliyyəti kollektivinin bədii rəhbəri Vüqar Məmmədov ümumdünya xor ifaçılığı ənənələrini qorumaqla yanaşı, tək və solo ifalara da xüsusi yer ayırır. Musiqi özfəaliyyəti kollektivi dəfələrlə festival, müsabiqələrin iştirakçısı olub, fəxri fərman və diplomlarla təltif edilib, xüsusilə son illərdə xor və solo ifaçılığında böyük uğurlara imza atıb. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının Respublikada keçirdiyi “Tələbə baharı” Ümumrespublika yaradıcılıq festivalının “Pop musiqisi”, “Klassik musiqi”, “Estrada musiqisi”, “Vokal janrı”, “Xalq mahnıları”nın nominasiyaları üzrə müxtəlf yerlərə layiq görülüb.

Xalq çalğı alətləri ansamblı


    Müxtəlif xalq çalğı alətlərindən təşkil olunmuş ansamblın tərkibinə tar, saz, qarmon, nağara, musiqi alətləri daxildir. Xalq çalğı alətləri ansamblının bədii rəhbəri Vüqar Məmmədovdur. Onun rəhbərliyi ilə ansambl milli-mənəvi sərvətimiz olan milli musiqi folklorunun yaşamasında, zənginləşməsində, eləcə də professional musiqinin formalaşmasında yeni-yeni bəstəkar əsərlərinin milli zəmin üzərində yaranmasında məqsədyönlü fəaliyyət göstərir.