Memarlıq və inşaat fakültəsi

Memarlıq və inşaat fakültəsi 2019-cu ildə yaranıb. Fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

Memarlıq və inşaat fakültəsində 9 bakalavr, 4 magistr ixtisası üzrə ümumilikdə 816 tələbə təhsil alır. Memarlıq və inşaat fakültəsində bakalavr ixtisası üzrə təhsil alan 1 tələbə Prezident təqaüdçüsüdür. Fakültədə əcnəbi tələbələr də təhsil alır.

Fakültədə 69 nəfər professor-müəllim və 8 nəfər texniki-köməkçi heyət olmaqla, 77 əməkdaş çalışır. Fakültənin pedaqoji heyətinə öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, ölkəmizdə və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və beynəlxalq təcrübə keçmiş kadrlar da daxildir. Fakültə əməkdaşlarının bir qismi təhsillə bağlı respublika əhəmiyyətli layihələrdə iştirak edib və bu fəaliyyətlərini indi də davam etdirirlər.

Memarlıq və inşaat fakültəsində analitik düşüncəyə, innovativ texnologiyalarla işləmək bacarığına, praktiki yönümlü nəzəri və tətbiqi biliyə malik olan və bu biliklərin verilmiş məsələlərin həllində tətbiq edilmə qabiliyyəti ilə fərqlənən mütəxəssislərin hazırlığının həyata keçirilməsi nəzərdə tutulub.

Tədris prosesində innovativ texnologiya və metodların tətbiqi tədris keyfiyyətinin artırılması məqsədilə əhəmiyyətli rol oynayır. Memarlıq və inşaat fakültəsində tədrisi müasir tələblər səviyyəsinə yüksəltmək üçün  innovativ texnologiya və metodlardan, müasir tipli laboratoriyalardan istifadə edilir. Fakültənin təchiz olunduğu kompüter, ağıllı lövhə və digər texnologiyalar dərs zamanı tələbələrin tələbatını ödəyərək tədris prosesinin səmərəliliyini və əyaniliyini təmin edir. Tələbələrin internetdən sərbəst faydalanması üçün sərbəst istifadə laboratoriyaları fəaliyyət göstərir.

Fakültənin maddi-texniki bazası müasir tələblərə uyğun mühəndis hazırlığının həyata keçirilməsini təmin edir. Buraya texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalarla yanaşı, müasir tipli laboratoriyalar - Ümumi və Analitik kimya, Üzvi kimya, Fiziki kimya, Kimya mühəndisliyi laboratoriyası da daxildir. Kompüter laboratoriyalarında tələbələr Microsoft Office, CAD/CAM, PRO2, ASPEN/HYSYS və s. proqramları öyrənirlər.

Memarlıq və dizayn kafedrası nəzdində elmi-tədqiqat və layihələndirmə mərkəzi fəaliyyət göstərir. Mərkəzin yaradılmasında əsas məqsəd ölkəmiz üçün strateji əhəmiyyət kəsb edən konseptual layihələrin təhsildə elmi-metodoloji mahiyyətini tədris prosesinə tətbiq olunması nəzərdə tutulub.

Memarlıq və inşaat fakültəsində Dizayn, Memarlıq, İnşaat mühəndisliyi, Mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, Nəqliyyat tikintisi mühəndisliyi, Kimya mühəndisliyi, Şəhərsalma, Sənaye mühəndisliyi və Ekologiya mühəndisliyi ixtisasları vardır.