Mühəndislik fakültəsi

Mühəndislik fakültəsində sənayenin müxtəlif sahələrində çalışacaq mühəndis kadrları hazırlanır. Tədris müxtəlif ixtisaslarda Azərbaycan, ingilis və rus dillərində aparılır. 2019/2020-ci tədris ilinə qədər fakültənin tərkibində Kompüter və informasiya texnologiyaları, Mexanika mühəndisliyi, Kimya mühəndisliyi, Memarlıq və inşaat, Sənaye mühəndisliyi kafedraları fəaliyyət göstərib və ixtisasların sayı artaraq 18-ə çatıb. 2019-cu ildə Kompüter və informasiya texnologiyaları, Mexanika mühəndisliyi kafedralarının əsasında Avtomatika və elektroenergetika kafedrası, Memarlıq və inşaat kafedrasının əsasında isə Memarlıq və dizayn, İnşaat mühəndisliyi kafedraları yaradılıb. Buna görə də 15 sentyabr 2019-cu il tarixindən Mühəndislik fakültəsinin bazasında Memarlıq və inşaat fakültəsi yaradılıb.

 

Fakültə haqqında ümumi məlumat

Mühəndislik fakültəsində 9 bakalavr, 4 magistr ixtisası üzrə, ümumilikdə 1200-dən çox tələbə təhsil alır. Onların içərisində əcnəbi tələbələr də var. Mühəndislik fakültəsində bakalavr ixtisası üzrə təhsil alan  5 tələbə Prezident təqaüdçüsüdür.

Fakültədə 50 nəfər professor-müəllim və 13 nəfər tədris-köməkçi heyət olmaqla, 63 əməkdaş çalışır. Fakültənin pedaqoji heyətində öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, ölkəmizdə və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və beynəlxalq təcrübə keçmiş işgüzar kadrlar da var.

Fakültə əməkdaşlarının bir qismi təhsil və elmi-tədqiqatla bağlı respublika və beynəlxalq səviyyəli layihələrdə, müxtəlif mübadilə proqramlarında iştirak edib. Bu istiqamətdə işlər dinamik artımla davam etdirilir.

Mühəndislik fakültəsi geniş maddi-texniki bazaya, müasir tələblərə cavab verən elmi-tədqiqat və tədris laboratoriyalarına malikdir. Yüksəkixtisaslı və işgüzar kadr təminatı sayəsində bu imkanlardan istifadə etməklə bacarıqlı mühəndis hazırlığı həyata keçirilir. Fakültə tələbələrinin əksəriyyəti müasir kompüter proqramlarına, proqramlaşdırma üsullarına, informasiya texnologiyalarına, innovativ fəaliyyət xarici dil bacarıqlarına yiyələnirlər. Buna görə də fakültə məzunlarının iş tapmaq problemi yoxdur. Son kurslarda artıq tələbələrimizin bir qismi dünyanın nüfuzlu universitetlərində təhsilini davam etdirmək üçün, digər qismi isə ölkədəki müxtəlif sənaye sahələrində işləmək üçün təkliflər alırlar.

Fakültənin kafedralarında müasir avadanlıq, cihaz və texnologiyalarla təchiz olunmuş auditoriya və laboratoriyalar vardır. Onlardan Yeni nəsil şəbəkələri, Elektronika və mikroprosessor, Avtomatik nəzarət, Mexanizmlər və maşın dinamikası, Daxiliyanma mühərrikləri və avtomobil, Mexaniki vibrasiya və səs nəzarəti, Təxribatsız sınaq üsulları, Layihələndirmə və adekvat modelləşdirmə, Emal üsulları, Material və metalloqrafiya, Materiallar müqaviməti, Aerodinamika və maye mexanikası, İstilik elmləri və istilik keçiriciliyi, Bərpa olunabilən enerjilər və s. laboratoriyaları xüsusilə qeyd etmək olar.

Kafedraların maddi-texniki bazası ildən-ilə genişləndirilir. Beynəlxalq layihə çərçivəsində yaxın zamanlarda Logistika və nəqliyyat texnologiyalar mühəndisliyi ixtisası üçün yeni ixtisaslaşdırılmış laboratoriyanın qurulması nəzərdə tutulub.

Fakültədə müasir kompüterlərlə təchiz edilmiş kompüter sinifləri tələbələrin istifadəsinə verilib. Auditoriyaların əksəriyyəti elektron lövhə və proyektorla təchiz edilib. Buna görə də bütün fənlər üzrə dərslər müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv üsullarla keçirilir.

 

İxtisaslar

Mühəndislik fakültəsində Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, Mexanika mühəndisliyi, Maşın mühəndisliyi, Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, Elektroenergetika mühəndisliyi, Elektrik mühəndisliyi, Proseslərin avtomatlaşdırılması mühəndisliyiSistem mühəndisliyi ixtisasları vardır.