Pedaqoji fakültə

       Pedaqoji fakültə 2016-cı ildən fəaliyyətə başlayıb. Fakültənin əsas məqsədi Azərbaycan təhsili üçün müəllim kadrları və dəqiq fənləri ingilis dilində tədris edən mütəxəssislər hazırlamaqdır. Pedaqoji fakültə Azərbaycanda ingilis dilində kompakt şəkildə müxtəlif ixtisaslar üzrə müəllim hazırlığını həyata keçirən və bu sahədə uzun illər ərzində qazanılan təcrübənin və işlək sistemin olduğu nadir fakültələrdəndir.

Hazırda fakültədə 12 bakalavr, 3 magistr ixtisası üzrə ümumilikdə 1200-ə yaxın tələbə təhsil alır. Tələbələrin yarıdan çoxu dövlət sifarişlidir. Bakalavr tələbələrinin 80%-nə fənlər ingilis dilində tədris olunur. Fakültədə təhsil alan əcnəbi tələbələrin sayı isə 24 nəfərdir. 2018/2019-cu tədris ilində Pedaqoji fakültədə bakalavr ixtisasları üzrə 1 tələbə Prezident təqaüdü, 96 tələbə isə “Gələcəyin müəllimi” təqaüdünü alır.

Fakültədə 92 nəfər professor-müəllim və 11 nəfər texniki-köməkçi heyət olmaqla, 103 əməkdaş çalışır. Fakültənin pedaqoji heyətinə öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, ölkəmizdə və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və ya beynəlxalq təcrübə keçmiş kadrlar da daxildir. Fakültə əməkdaşlarının bir qismi təhsillə bağlı respublika əhəmiyyətli layihələrdə iştirak edib və bu fəaliyyətlərini indi də davam etdirirlər. Belə layihələrə orta məktəb müəllimləri üçün kurikulum təlimləri, direktor hazırlama təlimləri, fənn olimpiadaları, alternativ dərsliklərin hazırlanması və s. daxildir. Əməkdaşların orta təhsil sahəsi ilə bağlılığı həmin səviyyə üçün mütəxəssis hazırlığına birbaşa müsbət təsir göstərir.

Fakültənin maddi-texniki bazası keyfiyyətli müəllim hazırlığının həyata keçirilməsini təmin edir. Buraya texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalarla yanaşı, müasir tipli laboratoriyalar da - Biologiya laboratoriyası, Kimya laboratoriyası, Fizika laboratoriyası, İnformatika laboratoriyası, Sinxron tərcümə laboratoriyası, Ömürboyu təhsil laboratoriyası daxildir.

Ölkədə müasir tələblərə cavab verən müəllim kadrları hazırlamaq üçün Pedaqoji fakültədə texniki imkanlar, təcrübəli kollektiv və şəffaf mühit mövcuddur. Pedaqoji prosesin təşkili və idarəolunması sahəsində dəyərli təcrübə formalaşıb. BMU-da yaradılan yeni şərait - müəllim hazırlığının daha yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. Ümummilli lider Heydər Əliyevin "Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir" fikrində də vurğulandığı kimi, bu işin çətinliyini anlayır, məsuliyyətini dərk edirik.

Kafedralar

Hazırda fakültədə Azərbaycan dili və ədəbiyyatı, Riyaziyyat, Fizika, Riyaziyyat və informatika, Tərcümə və ingilis dili, Pedaqogika, Kimya və biologiya, Xarici dil ixtisas kafedraları fəaliyyət göstərir. Azərbaycan dili və ədəbiyyatı kafedrasında 3 nəfər elmlər doktoru (onlardan 2 nəfəri professor), 7 nəfər filologiya üzrə fəlsəfə doktoru (onlardan 3 nəfəri dosent), 1 baş müəllim, 4 müəllim olmaqla 15 əməkdaş elmi-pedaqoji fəaliyyət göstərir. Kafedra müdiri fil.ü.f.d., dos. Emin Ağayevdir.

Riyaziyyat” kafedrasında 8 əməkdaş fəaliyyət göstərir. Onlardan 1 nəfəri professor, 3 nəfəri dosent, 3 nəfəri müəllim, 1 nəfəri katib vəzifəsində çalışır. Kafedra müdiri dos. Rakib Əfəndiyevdir.

 Fizika kafedrasında 10 əməkdaş fəaliyyət göstərir. Onlardan 3 nəfəri professor, 2 nəfəri dosent, 4 nəfəri fizika üzrə fəlsəfə doktoru (onlardan 3 nəfəri baş müəllim, 1 nəfəri müəllim), 1 nəfəri isə laborant vəzifəsində çalışır. Kafedra müdiri dos. Baba Qasımovdur.

Riyaziyyat və informatika kafedrasında 9 əməkdaş fəaliyyət göstərir. Onlardan 1 nəfəri  riyaziyyat üzrə fəlsəfə doktoru, 4 nəfəri baş müəllim, 3 nəfəri müəllim, 1 nəfəri isə katib vəzifəsində çalışır. Kafedra müdiri r.ü.f.d. Hümbət Əliyevdir.

Tərcümə və ingilis dili kafedrasında 19 nəfər fəaliyyət göstərir. Onlardan 1 nəfəri professor, 4 nəfəri dosent, 1 nəfəri baş müəllim, 13 nəfəri müəllim, 1 nəfəri isə laborantdır. Kafedra müdiri fil.ü.f.d. Natiq Adilovdur .

Pedaqogika kafedrasında 3 nəfər dosent, 5 nəfər doktoru, 3 nəfər baş müəllim, 10 nəfər müəllim, 1 nəfər laborant vəzifəsində çalışır. Kafedra müdiri dos. Cəmil Məmmədovdur.

Kimya və biologiya kafedrasında 12 əməkdaş fəaliyyət göstərir. Onlardan 4 nəfəri dosent, 1 nəfəri fəlsəfə doktoru, 2 nəfəri baş müəllim, 3 nəfəri müəllim, 2 nəfəri isə laborant vəzifəsində çalışır. Kafedra müdiri dos. Elmar İmanovdur.

Xarici dil kafedrasında 9 əməkdaş fəaliyyət göstərir. Onlardan 2 nəfəri dosent, 4 nəfəri baş müəllim, 3 nəfəri isə müəllim vəzifəsində çalışır.  Kafedraya dos. Seyran Qayıbov rəhbərlik edir.

Ümumilikdə fakültədə 2 tyutor fəaliyyət göstərir. 

İxtisaslar

       Pedaqoji fakültədə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Riyaziyyat müəllimliyi (ingilis dilində), Fizika müəllimliyi (ingilis dilində), Riyaziyyat və informatika müəllimliyi (ingilis və Azərbaycan dilində), Tərcümə (ingilis dili), Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə), İbtidai sinif müəllimliyi (ingilis və Azərbaycan dilində), Məktəbəqədər təlim və tərbiyə (ingilis dilində), Kimya müəllimliyi (ingilis dilində), Biologiya müəllimliyi (ingilis dilində), Kimya və biologiya müəllimliyi, Dil və ədəbiyyat müəllimliyi (türk dili üzrə) ixtisasları üzrə bakalavr, Azərbaycan dili, Azərbaycan ədəbiyyatı və Təhsil üzrə menecment (MBA) ixtisasları üzrə magistr hazırlığı aparılır. Bu ixtisasları bitirən tələbələr xarici dil təmayüllü lisey və gimnaziyalarda, orta təhsil müəssisələrində, eləcə də məktəbəqədər təhsil müəssisələrində işləmək imkanı qazanırlar.