Havar Əmir oğlu Məmmədov

BMU-nun rektoru, texnika elmləri doktoru, professor, əməkdar elm xadimi

     Məmmədov Havar Əmir oğlu 1945-ci il iyulun 1-də Azərbaycan Respublikasının İmişli rayonu Qızılkənd kəndində anadan olub. 1963-cü ildə İmişli rayon 34 saylı dəmiryolu orta məktəbini fərqlənmə ilə bitirərək Azərbaycan Politexnik İnstitutunun (indiki Azərbaycan Texniki Universiteti) Аvtomatika və hesablama texnikası fakültəsinin Avtomatika və telemexanika ixtisasına qəbul olub. Təhsil aldığı müddətdə universitetin Tələbə Elmi Cəmiyyətinin sədri olub. Təhsildə və ictimai işlərdəki nаiliyyətlərinə görə, о zamanlar ən yüksək təqaüd olan - V.İ.Lenin adına təqaüdə layiq görülüb. 1968-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək gənc mütəxəssis kimi Avtomatika va telemexanika kafedrasında assistent vəzifəsində çalışmağa başlayıb. 1970-ci ildə Azərbaycan Politexnik İnstitutunda aspiranturanın əyani şöbəsinə daxil olub. 1971-1972-ci illərdə hərbi xidmətdə olub. 1974-cü ildə aspiranturada təhsilini başa vurub və kafedrada əmək fəaliyyətini davam etdirib. 
     1974-1984-cü illərdə elmi-pedaqoji fəaliyyətlə yanaşı, İnstitutun komsomol və partiya komitəsinin seçkili orqanlarında iştirak edib. Müxtəlif vaxtlarda İnstitut komsomol və partiya komitələrinin rəhbərliyində çalışıb. 1983-1984-cü illərdə İnstitut partiya komitəsinin katibi vəzifəsini icra edib. 1975-1984-cü illərdə institutun İstehsal proseslərinin avtomatlaşdırılması və hesablama texnikası kafedrasında assistent, baş müəllim vəzifələrində işləyib. 1983-cü ildə “Ardıcıl kommutasiya zamanı paylanmış parametrli elektrik dövrələrində keçid prosesləri” mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək, texnika elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. 1984-1989-cu illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Elm və tədris müəssisələri şöbəsində təlimatçı vəzifəsində işləyib. 1989-1992-ci illərdə Azərbaycan Politexnik İnstitutunda əvvəlcə axşam və qiyabi təhsil, sonralar isə Tədris işləri üzrə prorektor vəzifələrində çalışıb. 1993-2017-ci illərdə İnstitutun Elektron-hesablama aparatlarının konstruksiya edilməsi və istehsalı, Nəqliyyatda avtomatika va telemexanika, Аvtоmatika və idarəetmə kafedralarının müdiri vəzifəsində çаlışıb.
     1998-ci ildə “Paylanmış parametrli mürəkkəb elektrik dövrələrində kommutasiya proseslərinin tədqiq üsulları” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək, texnika elmləri doktoru alimlik dərəcəsinə, 2003-cü ildə professor elmi adına layiq görülüb. 2000-ci ilin yanvarından 2016-cı ilin sentyabrınadək Azərbaycan Texniki Universitetinin, 2016-cı ilin sentyabrından 2017-ci ilin martınadək Qafqaz Universitetinin rektoru vəzifələrində çalışıb.
     Texniki sistemlərdə avtomatik idarəetmə və informatika sahəsində 250-dən çox elmi əsərin, о cümlədən 4 monoqrafiyanın, 22 dərslik və dərs vəsaitinin, 10 pаtеntin müəllifidir. Elmi məqalələrinin bir hissəsi Amerika, Yunanıstan, Rusiya, Ukrayna, Belarusiya, Türkiyə, İran, Rumıniya və başqa ölkələrin yüksək indeksli elmi jurnallarında dərc edilib. Mütəmadi olaraq, dünyanın bir sıra ölkələrində elmi konfrans və simpoziumlarda məruzələrlə çıxış edib. Rəhbərliyi altında 10-a yaxın namizədlik və doktorluq dissertasiyaları müdafiə olunub.
     2000-ci ildə Rusiya Mühəndislik Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib. 2001-ci ildən Beynəlxalq Еlmlər Akademiyasının həqiqi üzvüdür. Eyni zamanda, Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü və vitse-prezidenti, Beynəlxalq Şərq Neft Akademiyasının müxbir üzvüdür. 2003-2004-cü illərdə Xəzəryanı dövlətlərin Universitetləri Assosiasiyasının prezidenti seçilib. 2005-ci ildə Kembricdə yerləşən Beynəlxalq Bioqrafiya Mərkəzi tərəfindən ilin Beynəlxalq alimi fəxri adına layiq görülüb. Dünyanın bir sıra aparıcı universitetlərinin fəxri doktoru və professorudur. Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti senatının fəxri üzvü, Bolqarıstanın Varna Texniki Universitetin fəxri doktoru, Rusiyanın Astarxan və Rostov Texniki Universitetlərinin fəxri professoru, Ukraynanın Odessa Rabitə və İnformasiya Texnologiyaları Universitetinin fəxri doktoru, Gürcüstan Texniki Universitetinin fəxri doktorudur.
     2000-ci ildən 2017-ci ilin yanvarına kimi Azərbaycan Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət heyətinin qərarı ilə AzTU-da fəaliyyət göstərən İxtisaslaşdırılmış dоktоrluq və namizədlik dissertasiya şurasının sədri olub. 2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafındakı xidmətlərinə görə “Şöhrət ordeni” ilə təltif olunub. 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafında və yüksəkixtisaslı kadrların hazırlanmasındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. 2000-2016-cı illərdə “Azərbaycan Neft təsərrüfatı” jurnalının redaksiya heyətinin üzvü, 2000-2016-cı illərdə AzTU-un Elmi Əsərləri jurnalının baş redaktoru olub. Hazırda “Аzərbaycan Мühəndislik Аkаdemiyası məcmuaları” və “Nəqliyyat hüququ” jurnallarının redaksiya heyətinin üzvüdür. 
     2017-ci il martın16-da Prezident İlham Əliyevin Sərəncamı ilə yeni yaradılmış Bakı Mühəndislik Universitetinin rektoru vəzifəsinə təyin edilib.
     Ailəlidir, 3 övladı, 9 nəvəsi, 1 nəticəsi var.