BMU Texnoparkı və innovasiya mərkəzi


 

    Gənc və dinamik professor-müəllim heyətinə, eləcə də kreativliyi və öyrənmə həvəsi ilə fərqlənən tələbə kontingentinə malik Bakı Mühəndislik Universitetinin (BMU) tərkibində Texnopark da mövcuddur. Yerli və xarici işgüzar şəbəkənin gücləndirilməsinə xüsusi əhəmiyyət verən BMU Texnoparkı istər rezidentlərlə, istərsə də startaplarla aktiv iş apararaq innovativ ekosistemi formalaşdırır.

   BMU Texnoparkı aşağıdakı missiya əsasında işini formalaşdırır:

·       Əlavə dəyərə malik, yüksək texnoloji əhəmiyyətli xidmət və ya məhsulların istehsalını və daha səmərəli həll yollarının tapılmasını inkişaf etdirmək;

·       Azərbaycanda iqtisadiyyatın, o cümlədən qeyri-neft sektorunun davamlı inkişafına dəstək vermək;

·      Biznes ilə universitetin professor-müəllim və tələbə heyəti arasında əlaqələri inkişaf etdirmək;

·       Dünyada sürətlə inkişaf edən yüksək texnoloji yeniliklərin mənimsənilməsi və istehsalında iştirak etmək.

 

   BMU Texnoparkı  mövcud imkanlardan istifadə etməklə, yaxın gələcəkdə aşağıdakıları hədəfləyir:

·       Universitetin tədris və araşdırma fəaliyyətlərini dəyərləndirərək, iş dünyasının peşəkarları ilə birlikdə, səmərəli nəticələr əldə edilməsi üçün əlverişli mühiti formalaşdırmaq;

·  Universitetin elmi-təchizat imkanlarının faydalı iş əmsalını artırmaq, eləcə də professor-müəllim və tələbə-magistr heyətini real və kommersiyalaşdırıla bilən araşdırma işlərinə cəlb etmək və dəstəkləmək;

·       Professor-müəllim heyətini və tələbələri sahibkarlıq fəaliyyətinə təşviq etmək və bu istiqamətdə onları dəstəkləmək, eləcə də bu məqsədlə təşəbbüskarlıq mədəniyyətinin inkişafı üçün işlər görmək.

 

   BMU Texnoparkının əsas fəaliyyət istiqamətlərini isə aşağıdakı şəkildə xarakterizə etmək olar:

·  Sahibkarlıqda innovasiya fəaliyyətləri: Bu istiqamət əsasında mövcud sahibkarlıq subyektləri ilə (rezidentlərlə) birlikdə iş aparılır. Sahibkarlıqda innovasiya fəaliyyətlərinin əsas hissəsini BMU Texnoparkında ofis açmış şirkətlərin həyata keçirdiyi layihələr əhatə etsə də, digər şirkətlərlə də müxtəlif layihə və ya proqramlarda müştərək fəaliyyətlər təşkil olunmaqla ekosistemin imkanları gücləndirilir.
İndiyə kimi Texnoparkda 20 müxtəlif şirkət ofis və ya tədqiqat mərkəzi açıb. Bu şirkətlər Texnoparkda müştərək və ya müstəqil formada 40-dan çox layihə həyata keçiriblər. Şirkətlərin bu cür fəaliyyətləri hazırda da davam edir.

·    İnnovasiya sahibkarlığı fəaliyyətləri: Bu innovasiyaların inkişafına əsaslanan, yeni biznes ideyalarının inkişafını əhatə edir. Bu istiqamətin səmərəli təşkil edilməsi üçün Texnopark Yeni Fikir Müsabiqəsini (YFM) həyata keçirir. "Yeni Fikir VI" startap müsabiqəsi BMU-nun təşkilatçılığı və BP-nin maliyyə dəstəyi ilə keçirilir. Müsabiqədə təkcə Bakı Mühəndislik Universitetinin mənsubları deyil, eləcə də Azərbaycan Respublikasında yaşayan hər kəs iştirak edə bilər.

        "Yeni Fikir" startap müsabiqəsi (YFM) innovativ sahibkarlığın (təşəbbüskarlığın, startapların və ya texnosahibkarlığın) inkişafını təşviq edən və dəstəkləyən layihədir. İndiyə kimi 5 dəfə keçirilən YFM-yə 842 startap layihəsi (o cümlədən YFM 2013-ə 87, YFM 2014-ə 212, YFM 2015-ə 196, YFM 2016-ya 199, YFM 2017-yə 148 startap layihəsi) müraciət edib. Onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib. 35 layihənin inkişafı isə sponsor və tərəfdaşların dəstəyi ilə toxum investisiya və inkubasiya xidmətləri ilə dəstəklənib.

   Bundan başqa, universitet daxili startapların dəstəklənməsi layihəsi əsasında indiyə kimi 20-yə yaxın komandanın işi dəstəklənib. Hazırda bu cür startaplardan 10 layihənin dəstəklənməsi Texnoparkın İnkubasiya mərkəzində davam edir.