Doktorantura şöbəsi

  Azərbaycan Respublikasında yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (elm sahələri göstərilməklə, fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.

   Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə aparılır.

   Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.

   Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. 

   Doktoranturada təhsil dövlət hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

   Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir.
   Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.
  Fəaliyyət göstərdiyi dövrdə aspirantura şöbəsi regiondaki digər ali məktəblər və elmi-tədqiqat institutları üçün də elmi dərəcəli mütəxəssislərin hazırlanmasına yaxından köməklik göstərmişdir.

 

Doktorant və dissertantların attestasiyası 

Q A Y D A L A R I 

  1. 1.    Ümumi müddəalar

1.1. Bu Qaydalar «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na əsasən hazırlanmışdır və Bakı Mühəndislik Universitetində doktorant və dissertantların vahid attestasiyası qaydalarını müəyyən edir.

1.2. Təhsil müddətində doktorant və dissertantlar Bakı Mühəndislik Universitetinin Elmi şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.

1.3. Doktorant təhsil müddətində:

- peşə biliklərinə dərindən yiyələnməli;

- müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;

- elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;

- fərdi iş planını tam yerinə yetirməli;

- ixtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), informatikadan və xarici dildən doktorluq imtahanlarını verməli;

- elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;

- elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;

- elmi tədqiqat işini bitirməlidir.

1.4. «Fəlsəfə doktoru» elmi dərəcəsi üzrə doktoranturada təhsil alan şəxslərin hüquq və vəzifələri dissertantlıq yolu ilə təhsil alan şəxslərə  də şamil edilir.

1.5. «Fəlsəfə doktoru» elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslər müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verirlər.

1.6. Doktorant və dissertant fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı kafedra iclaslarında hesabat verir.

1.7. Doktorant və dissertantlar dissertasiya mövzusu üzrə tədqiqat işi aparmaq üçün Bakı Mühəndislik Universitetinin kitabxanasından, laboratoriyalardan, mövcud avadanlıqlardan istifadə etmək, ezamiyyətlərə, o cümlədən, xarici ölkələrə getmək, ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər.

1.8. Bakı Mühəndislik Universitetinin müvafiq fakültə elmi şuralarında  doktorant və dissertantların elmi rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir.

  1. 2.    Doktorant və dissertantların attestasiyası

2.1. Doktorant və dissertantlar ildə bir dəfədən az olmamaq şərtilə, hər ilin sonunda-dekabr

ayında BMU tərəfindən qəbul edilmiş bu Qaydalara uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilməsində məqsəd doktorant və dissertantların fərdi iş planında cari (ötən) il üçün nəzərdə tutulmuş fəaliyyətinin qiymətləndirilməsidir.

2.2. Doktorantın (dissertantın) növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.

2.3. Doktorantın (dissertantın) fərdi iş planının yerinə yetrilməsinə kafedra, fakültə və doktorantura şöbəsi tərəfindən müntəzəm olaraq nəzarət edilir. Attestasiyanın keçirilmə qrafiki kafedra rəhbərliyi və dekan ilə razılaşdırılaraq Magistratura və doktorantura şöbəsi tərəfindən hazırlanır və doktorant və dissertantlara qabaqcadan bildirilir.

2.4. Attestasiyanın keçirilməsi üçün doktorant (dissertant) Magistratura və doktorantura şöbəsindən  Fərdi iş planını götürür, attestasiya olunan iş üçün yerinə yetirdiyi işlər haqqında lazımi qeydləri aparır və təhkim olunduğu kafedraya təqdim edir.

2.5. İllik təhsil haqqını ödəməyən doktorant və dissertantlar attetasiyaya buraxılmır. Bu haqda kafedralar Magistratura və doktorantura şöbəsi tərəfindən məlumatlandırılır.

2.6. Doktorant (dissertant)  elmi rəhbərinin də iştirak etdiyi kafedra iclasında cari il ərzində yerinə yetirdiyi işlər haqqında hesabat verir və fərdi iş planında nəzərdə tutulan işlərin nəticələrini təqdim edir. Doktorant (dissertant) eyni zamanda sonrakı il üçün iş planı haqqında məlumat verir.

2.7.  Elmi rəhbər hesabat müddəti ərzində doktorantın (dissertantın) fəaliyyətinə qiymət verməlidir.

2.8. Kafedrada attestasiya keçirildikdən sonra fərdi iş planı imzalanır və kafedranın müzakirə protokolundan çıxarışla birlikdə müvafiq Fakültə Elmi Şurasına təqdim olunur. Kafedra tərəfindən attestasiya aşağıdakı kimi qəbul olunur:

  • Attestasiya olunsun (nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirilib və növbəti ildə təhsilini davam etdirməsi tövsiyə olunur)
  • Şərti olaraq attestasiya olunsun (nəzərdə tutulan işlərin müəyyən hissəsi yerinə yetirilib və kafedra tərəfindən müəyyən edilmiş müddət ərzində tam həcmdə yerinə yetirilməsi tələb edilir)
  • Attestasiya olunmasın (üzrsüz səbəbdən nəzərdə tutulan işlər yerinə yetirilməmişdir)

2.9. Müvafiq Fakültənin Elmi Şurasında Attestasiya keçirildikdən sonra fərdi iş planı imzalanır və Fakültə Elmi Şurasının müzakirə protokolundan çıxarışla birlikdə Magistratura və doktorantura şöbəsinə təqdim edilir.

2.10. Üzrsüz səbəblərə görə fərdi iş planını yerinə yetirməyən, təhkim olunduğu kafedra ilə əlaqə saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric olunur.

2.11. Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi tədqiqat işini bitirən şəxslər «Fəlsəfə doktoru» elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.