BEYNƏLXALQ MÜNASİBƏTLƏR KAFEDRASI 

   Azərbaycan Respublikası, SSRİ-nin süqutu ilə öz müstəqilliyini bərpa etdikdən sonra beynəlxalq münasibətlər sisteminə daxil olmuş, xüsusilə 1993-cü ildən etibarən müstəqil xarici siyasət kursu həyata keçirərək beynəlxaq siyasətdə mühüm nailiyyətlərə imza atmışdır. Sovet imperiyası döv­ründə xarici siyasət və beynəlxalq münasibətlər mövzusunda Azərbaycanın kifayət qədər təcrübəsinin olmaması, müstəqillikdən sonra beynəlxalq münasibətlər ixtisası üzrə təhsildəki problemləri də gündəmə gətirmişdir. 1993-cü idən başlayaraq əzmkarlılıqla həyata keçirilən xarici siyasət kursu nəticəsində Azərbaycan Respublikası dünya səviyyəli nəhəng layihələrin mərkəzində yer alan aparıcı ölkəyə çevrilmişdir. Bu baxımdan həm ölkə daxilində, həm də ölkə xaricində Azərbaycanın milli maraqlarını öndə tutaraq fəaliyyət göstərə biləcək dövrün tələblərinə cavab verən yüksək səviyyəli peşəkar mütəxəssislərə ehtiyac vardır. Bu kontekstdə ingilis dili ilə yanaşı seçməli olaraq əlavə başqa bir xarici dili də mənimsəyərək "Beynəlxalq münasibətlər" ixtisasının fənlərinin yüksək səviyyədə mənimsənilməsi ölkəmizdə bu sahənin inkişafına da öz müsbət təsirini göstərəcəkdir. "Beynəlxalq münasibətlər" sahəsi yalnız dövlətlərarası münasibətlərin ənənəvi sahəsini deyil, eyni zamanda dövlət və qeyri-dövlət qurumları arasında, eləcə də təşkilatlar, ictimai birliklər və ya transmilli və çoxmillətli şirkətlər arasında qarşılıqlı əlaqəni də əhatə edir. Bununla birlikdə "Beynəlxalq münasibətlər" kifayət qədər geniş sahədir və özündə siyasət, tarix, hüquq, iqtisadiyyat və ticarət kimi sahələri ehtiva edir. Beləliklə, bu sahədə təhsil alan tələbələrin və bu sahə ilə məşğul olan mütəxəssislərin, alimlərin üstünlük və maraqlarından asılı olaraq seçim etmək üçün geniş imkanları mövcuddur.

 İxtisasın məqsədi

   "Beynəlxalq münasibətlər" kafedrası Bakı Mühəndislik Universitetinin nəzdində 2017-ci ilin əvvəlindən fəaliyyətə başlamışdır. Bakı Mühəndislik Universitetinin əhatəli fəaliyyəti çərçivəsində "Beynəlxalq münasibətlər" kafedrasının əsas məqsədi də ölkə üçün qeyd olunan istiqamətdə ehtiyac duyulan yerli və beynəlxalq səviyyədəki kriteriyalara cavab verən mütəxəssislərin yetişdirilməsinə çalışmaqdır. Bununla yanaşı kafedra beynəlxalq münasibətlər və ümumilikdə ictimai elmlərin müxtəlif sahələrində müstəqil tədqiqatlar aparmaq bacarığına sahib olan gənc tədqiqatçılar yetişdirməyi də məqsəd kimi qarşısına qoymuşdur.

 Kafedranın fəaliyyət istiqamətləri

   "Beynəlxalq münasibətlər" ixtisasının təhsili “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”, “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları”nın tələblərinə  və “Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı”na uyğun olaraq qurulmuşdur. Kafedra, "Beynəlxalq münasibətlər" ixtisası üzrə bakalavr səviyyəsində tədris prosesini təşkil etməklə yanaşı "Beynəlxalq münasibətlər və Diplomatiya" ixtisası üzrə magistr hazırlığı işini qurur və sahə üzrə mütəxəssis hazırlığı həyata keçirir. Tədrisin ingilis dilində aparıldığı kafedrada tələbələr, beş illik təlim və təhsil müddətində ixtisas fənləri ilə yanaşı, öz istəkləri ilə rus, fransız, alman və ərəb dillərindən birini ikinci xarici dil kimi seçib öyrənmə imkanı əldə edirlər. "Beynəlxalq münasibətlər" kafedrası öz tədris proqramını dünyada və Azərbaycanda bu sahədə mövcud olan qabaqcıl təcrübədən yararlanaraq formalaşdırmışdır. Kafedrada ixtisas fənləri olan beynəlxalq münasibətlər nəzəriyyəsi, beynəlxalq hüquq, beynəlxalq siyasət, siyasi tarix və xarici siyasət ilə yanaşı, hüquq və iqtisadiyyat sahələri üzrə fənlər də tədris olunur. Bakalavr pilləsində tədris İngilis, magistr pilləsində isə Azərbaycan dilində aparılır. 

 Kafedranın tələbələrin karyera və təcrübə məsələlərində rolu

    Tədris müddətində tələbələrə Azərbaycan Respubilkası Xarici İşlər Nazirliyi, səfirliklər və beynəlxalq təşkilatlar başda olmaqla müxtəlif ölkə daxili və beynəlxalq səviyyəli qurumlarda, eləcə də transmilli korporasiyalarda təcrübə keçmə imkanı yaradılır. Kafedrada həyata keçirilən tədris prosesinin keyfiyyəti ilə birbaşa bağlıdır ki, Beynəlxalq münasibətlər ixtisasından məzun olan tələbələr ölkə daxilində müxtəlif dövlət qurumları və özəl sektor tərəfindən xüsusi rəğbətlə qarşılanır. Məzunlarımız dövlət müəssisələrində, özəl şirkətlərdə, Xarici İşlər Naziliyində, tədqiqat mərkəzlərində, qeyri-hökümət təşkilatlarında, beynəlxalq təşkilatların (Avropa Şurası, NATO, BMT, Avropa İttifaqı və s.) nümayəndəliklərində, beynəlxalq xəbər agentliklərində, transmilli korporasiyaların rəhbər vəzifələrində, idxalat və ixracat, bank sektoru, sığorta sahəsində, reklamcılıq və müşavirlik kimi müxtəlif sahələrdə iş tapma imkanına sahib olurlar. Bununla yanaşı xarici universitetlərə magsitratura pilləsi üçün müraciət edən məzunlarımızın yüksək reytinqli universitetlərdən təqaüdlü qəbul alma prosesi asan və müsbət şəkildə nəticələnir.        

  Beynəlxalq münasibətlər ixtisasından məzun olan tələbənin aşağıda sadalanan keyfiyyət və xüsusiyyətlərə sahib olması kafedra üçün mühüm əhəmiyyət kəsb edir:

  • beynəxalq münasibətlərin müxtəlif sahələri ilə bağlı təklif olunan fənlərə də müvafiq olaraq Azərbaycanın milli maraqlarına uyğun sağlam nəzəri və metodoloji təməl qazanmaq;
  • qazanılan nəzəri və metodoloji təməli istər praktik həyatda, istərsə də gələcək elmi tədqiqatlarda səmərəli istifadə etmə yollarına yiyələnmək;
  • beynəlxalq münasibətlər elminin və eləcə də beynəlxalq münasibətlər tarixinin  təkamül yolunu tam dərk etmək və onun gələcək inkişaf kontorlarını müəyyənləşdirə bilmək;
  • beynəlxalq münasibətlərin əsas problemlərini müəyyən edə bilmək və bu məsələlər üzrə müstəqil mövqeyə sahib olmaq;
  • beynəlxalq münasibətlərin əsas məsələlərinə dair fikir, düşüncə və mülahizələrini Azərbaycan və İngilis dillərində akademik səviyyədə yazılı və şifahi formada ifadə edə bilmək;
  • milli, regional və qlobal səviyyədə beynəlxalq münasibətlərlə bağlı proseslərə tənqidi və analitik yanaşa bilmək;
  • müstəqil elmi tədqiqatlar zamanı tələb olunan etik (əxlaqi) dəyərlərə sadiq qalmaq;
  • cəmiyyətin ümumi inkişafına töhfə verə biləcək intellektual səviyyə ilə yanaşı mənəvi keyfiyyətlərə də sahib olmaq.

 Kafedranın akademik heyəti

    Beynəlxalq münasibətlər kafedrası öz yüksək kvalifikasiyalı professor-müəllim heyəti ilə Bakı Mühəndislik Universitetində İngilis dilində bakalavr və Azərbaycan dilində magistr pillələrində tədris prosesini həyata keçirir. Kafedraya tarix üzrə fəlsəfə doktoru, dosent Samir Quliyev rəhbərlik edir. Kafedranın ştatında baş müəllim A. Əhmədov, siyasi elmlər üzrə fəlsəfə doktoru N. Abdullayev, beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru N. Qaraxani, müəllim N. Vidadili, müəllim Y. Əhmədov, müəllim A. İskəndərov, müəllim Ş. Əbilov, müəllim S. Bağırov və laborant İ. Abdüləzizova ilə yanaşı kənardan dəvət olunan öz sahəsində yüksək nailiyyətlər əldə etmiş saathesablı müəllimlər də tədris prosesini həyata keçirirlər. Kafedrada aparılan elmi tədqiqat işlərinin mühüm nəticələri AMEA-ya təqdim olunur. AMEA-nın İnsan Hüquqları İnstitutu, Tarix İnstitutu, Qafqazşünaslıq İnstitutu, Arxelogiya və Etnoqrafiya İnstitutu və İnsan hüquqları İnstitutu ilə kafedra əməkdaşlarının geniş əməkdaşlıqları mövcuddur. Kafedranın əməkdaşları, elmi tədqiqat işlərini "Regional təhlükəsizlik problemləri və ikitərəfli münasibətlər" ,"Enerji təhlükəsizliyi", "Beynəlxalq hüququn müasir problemləri"  istiqamətlərində qurmuşdur. Bu kontekstdə kafedra əməkdaşlarının elmi məqalələri impakt faktorlu jurnallarda dərc olunmuş və elmi nəticələr tədris prosesinə də tətbiq edilmişdir.

    Elmi-pedaqoji kadrların hazırlanması və kadr potensialının inkişaf etdirilməsi hər zaman kafedranın gündəliyində duran ən mühüm məsələlərdəndir. Qeyd olunmalıdır ki, sadəcə 2017-ci il ərzində kafedranın əməkdaşlarından Namiq Abbasov (eyni zamanda məzunumuzdur) ABŞ-ın Arizona dövlət universitetində doktoranturaya ödənişsiz qəbul olunub. Eyni zamanda məzunlarımızdan Şamxal Əbilov Almaniyada doktorantura pilləsinin son mərhələsində olub, sentyabr ayında müəllim kimi kafedranın işinə cəlb olunub. Məzunlarımızdan Səid Bağırov Almaniyada magistratura təhsilini bitirmiş və sentyabr ayında kafedrada müəllim kimi fəaliyyətə başlamışdır. Məzunlarımızdan İnci Abdüləzizova 2018-ci ildən etibarən kafedrada laborant vəzifəsində işə başlamışdır. Məzunlarımızın akademik kariyeraya başlaması və tədrisə cəlb olunması tələbələrimiz üçün də stimul təşkil edir.

 Kafedranın xarici əlaqələri

    Kafedra əməkdaşları və tələbələri həm Erasmus Mundus, DAAD, Fulbright və Mevlana mübadilə proqramları, həm də ikitərəfli mübadilə müqavilələri vasitəsilə, Avropanın, ABŞ-ın və Türkiyənin qabaqcıl universitetlərində müxtəlif müddətdə kurslarda və tədqiqat proqramlarında iştirak edirlər. Kafedranın ölkəmizdə fəaliyyət göstərən Pakistan, İtaliya, ABŞ, Yaponiya, Peru, Türkmənistan, Qazaxıstan, Misir səfirlikləri ilə, eləcə də BMT-nin ölkəmizdə fəaliyyət göstərən qurumları ilə geniş əlaqələri qurulmuşdur.