Memarlıq və inşaat klubu

BMU-nun “Memarlıq və inşaat” klubunun fəaliyyət istiqamətləri və layihələri müzakirə olunub

      Bakı Mühəndislik Universiteti (BMU) keyfiyyətli təhsil verməklə yanaşı tələbələrə müxtəlif dərnəklər və klublar təsis etməkdə də dəstək olur. Bunun əsas məqsədi, tələbələrin asudə vaxtlarında daha səmərəli fəaliyyətlərlə məşğul olmasına kömək etməkdir. Tələbələr təsis etdikləri dərnək və klublar vasitəsilə universitet illərində topladıqları nəzəri biliklərini müxtəlif tədbirlər, layihələr və proqramlar təşkil etməklə yeni bilik və təcrübələr qazanırlar, həmçinin gələcək iş karyeralarında əvəzedilməz imkanlar əldə edirlər. Bu məqsədlə BMU-nun Mühəndislik fakültəsinin “Memarlıq və İnşaat” kafedrasının bir qrup tələbələri tərəfindən 29 noyabr 2018-ci il tarixində “Memarlıq və inşaat” klubu təsis edilib. Klub ilk təqdimat tədbirini 8 dekabr 2018-ci il tarixində universitetin akt zalında tələbə və müəllimlərə təqdim edib.
      Təqdimatda klubun sədri Daşdəmir Bayramov çıxış edərək klubun təsis edilməsi səbəblərini, fəaliyyət istiqamətlərini, hazırlayacaqları müxtəlif proqram və layihələr haqqında ümumi məlumat verib. Daha sonra BMU-nun “Memarlıq və İnşaat” kafedrasının müdiri, əməkdar memar, professor Sabir Orucov klubun təsisçilərinə təşəkkür edərək bildirib ki, tələbələrin asudə vaxtlarının səmərəli təşkilində və gələcək iş həyatlarında klubun əvəzedilməz rolu olacaqdır. O, bildirib ki, klubun fəaliyyətinin genişləndirilməsi üçün həm kafedra əməkdaşları, həm də sədri olduğu “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyi klubun işlərinə əlindən gələn köməyi göstərməyə çalışacaqdır. Tədbirdə həmçinin “Memarlıq və İnşaat” kafedrasının müəllimlərindən Yusif Əhədi və Arif Nəcimov da çıxış edərək tələbələrə və klubun üzvlərinə uğurlar arzulayıb və öz tövsiyyələrini veriblər.
Əlavə olaraq klubun sədri Daşdəmir Bayramov memarlıq və inşaat sahəsinə maraq göstərən, eləcə də müxtəlif layihələrin hazırlanması və idarə olunması ilə maraqlanan tələbələrə gələn ilin qış tətilində təşkil olunacaq “Qış məktəbində” layihələrin hazırlanması və idarə olunması adlı təlimə hazırlıq getdiyi barədə məlumat verib və bu işdə “Memarlıq və İnşaat” kafedrası ilə “Memarlıq, İnşaat və Dizayn” İctimai Birliyinin dəstək verəcəyini qeyd edib.
      Bu həftədən başlayaraq “Memarlıq və inşaat” klubunun sədri başda olmaqla İlqar Bəşirov, Günel Qasımova və Orxan İsayev “Layihələrin hazırlanması və idarə olunması” adlı təlimə hazırlıq işlərinə başladıqları və yaxın günlərdə təlimlərə onlayn formada qeydiyyata start veriləcəyini, klubun “facebook” ünvanı və digər sosial media vasitəsilə xəbər veriləcəyi bildirilib.
Sonda “Memarlıq və inşaat” və digər klubların universitetin tədris prosesində tələbələrin gələcəkdə bacarıqlı, peşəkar və vətənpərvər bir mütəxəssis kimi formalaşmasında əhəmiyyətli rolu olduğu ilə yanaşı, həmçinin məzunların gələcəkdə “İş yeri axtaranlardan deyil, iş yeri quranlardan” olması üçün hər kəsin çalışmalı olduğunu vurğulayan klubun sədri D. Bayramov bu məqsədlə klublara maraq göstərən hər kəslə görüşməyə, ortaq fəaliyyət istiqamətlərini müzakirə etməyə hazır olduqlarını qeyd edib.