Pedaqoji fakültə

   Pedaqoji fakültə 2016-cı ildən fəaliyyətə başlamışdır. Fakültə yarandığı gündən Azərbaycan təhsili üçün müəllim kadrları hazırlayır. Əsas hədəflərindən biri də dəqiq fənləri ingilis dilində tədris edən mütəxəssislər hazırlamaq olan Pedaqoji fakültə Azərbaycanda ingilis dilində kompakt şəkildə müxtəlif ixtisaslar üzrə müəllim hazırlığı həyata keçirən və bu sahadə uzun illər ərzində qazanılan təcrübənin və işlək sistemin olduğu nadir fakültələrdəndir.

   Hazırda fakültədə 12 bakalavr, 3 magistr ixtisası üzrə ümumilikdə 1200-ə yaxın tələbə təhsil alır. Tələbələrin yarıdan çoxu dövlət sifarişlidir. Bakalavr tələbələrinin 80%-nə fənlər ingilis dilində tədris olunur. Fakültədə təhsil alan əcnəbi tələbələrin sayı isə 24 nəfərdir. 2018-2019-cu tədris ilində Pedaqoji fakültədə bakalavr ixtisasları üzrə 1 tələbə Prezident təqaüdü, 96 tələbə isə “Gələcəyin müəllimi” təqaüdünü alır.

   Fakültədə 92 nəfər professor-müəllim heyəti və 11 nəfər texniki-köməkçi heyət olmaqla, 103 əməkdaş çalışır. Fakültənin pedaqoji heyətinə öz sahələri üzrə respublikada tanınmış təcrübəli müəllimlərlə yanaşı, gənc, dinamik, ölkəmizdə və xaricdə müxtəlif səviyyələr üzrə təhsil almış və ya beynəlxalq təcrübə keçmiş kadrlar da daxildir. Fakültə əməkdaşlarının bir qismi təhsillə bağlı respublika əhəmiyyətli layihələrdə iştirak etmiş və bu fəaliyyətlərini indi də davam etdirirlər. Belə layihələrə orta məktəb müəllimləri üçün kurikulum təlimləri, direktor hazırlama təlimləri, fənn olimpiadaları, alternativ dərsliklərin hazırlanması və s. daxildir. Əməkdaşların orta təhsil sahəsi ilə bağlılığı həmin səviyyə üçün mütəxəssis hazırlığına birbaşa müsbət təsir göstərir.

   Fakültənin maddi-texniki bazası keyfiyyətli müəllim hazırlığının həyata keçirilməsini təmin edir. Buraya texniki avadanlıqlarla təchiz olunmuş auditoriyalarla yanaşı aşağıdakı müasir tipli laboratoriyalar da daxildir: Biologiya laboratoriyası, Kimya laboratoriyası, Fizika laboratoriyası, İnformatika laboratoriyası, Sinxron tərcümə laboratoriyası, Ömürboyu təhsil laboratoriyası.
Ölkəmizdə müasir tələblərə cavab verən müəllim kadrları hazırlamaq üçün Pedaqoji fakültədə oturuşmuş bütöv sistem, texniki imkanlar, təcrübəli kollektiv və şəffaf mühit mövcuddur. Hər şeydən öncə isə pedaqoji prosesin təşkili və idarəolunması sahəsində dəyərli təcrübə formalaşıb. BMU-da yaradılan yeni şərait bu işin - müəllim hazırlığının daha yüksək səviyyədə həyata keçirilməsinə imkan verir. Ümummilli Lider H.Əliyevin "Müəllimlik işi həm şərəfli, həm də çətin işdir. Ali məktəb müəllimi olmaq, müəllimlər hazırlamaq, yəni müəllimlər müəllimi olmaq ikiqat şərəfli və eyni zamanda ikiqat məsuliyyətli işdir" fikrində də qeyd olunduğu kimi, biz bu işin çətinliyini anlayır, məsuliyyətini dərk edirik.

Kafedralar

   Hazırda fakültədə “Azərbaycan dili və ədəbiyyatı”, “Riyaziyyat”, “Fizika”, “Riyaziyyat və informatika”, “Tərcümə və ingilis dili”, “Pedaqogika”, “Kimya və biologiya”, “Xarici dil” ixtisas kafedraları fəaliyyət göstərir.
“Azərbaycan dili və ədəbiyyatı” kafedrasında 3 elmlər doktoru, onlardan 2 nəfəri professor, 7 filologiya üzrə fəlsəfə doktoru, o cümlədən onlardan 3 nəfəri dosent, 1 baş müəllim, 4 müəllim olmaqla 15 əməkdaş elmi-pedaqoji fəaliyyət göstərir. Kafedra müdiri fil.ü.f.d., dos. Emin Ağayevdir.
   “Riyaziyyat” kafedrasında 8 əməkdaş fəaliyyət göstərir. Onlardan 1-i professor, 3-ü dosent, 3-ü müəllim, 1-i katib vəzifəsində çalışır. Kafedra müdiri dos. Rakib Əfəndiyevdir.
   “Fizika” kafedrasında 10 əməkdaş fəaliyyət göstərir. Onlardan 3-ü professor, 2-i dosent, 4-ü fizika üzrə fəlsəfə doktoru, o cümlədən onlardan 3 nəfəri baş müəllim, 1 müəllim vəzifəsində, 1nəfər isə laborant vəzifəsində çalışır. Kafedra müdiri dos. Baba Qasımovdur.
“Riyaziyyat və informatika” kafedrasında 9 əməkdaş fəaliyyət göstərir. Onlardan 1-i riyaziyyat üzrə fəlsəfə doktoru, 4-ü baş müəllim, 3-ü müəllim, 1-i katib vəzifəsində çalışır. Kafedra müdiri r.ü.f.d. Hümbət Əliyevdir.
  “Tərcümə və ingilis dili” kafedrasında 19 nəfər fəaliyyət göstərir. Onlardan 1-i professor, 4-ü dosent, 1-i baş müəllim, 13-ü müəllim, 1 nəfər isə laborantdır. Kafedra müdiri fil.ü.f.d. Natiq Adilovdur .
   “Pedaqogika” kafedrasında 17 əməkdaş fəaliyyət göstərir. Onlardan 3-ü dosent, 5-i fəlsəfə doktoru, 3-ü baş müəllim, 10-u müəllim, 1-i laborant vəzifəsində çalışır. Kafedra müdiri dos. Cəmil Məmmədovdur.
   “Kimya və biologiya” kafedrasında 12 əməkdaş fəaliyyət göstərir. Onlardan 4-ü dosent, 1-i fəlsəfə doktoru, 2-si baş müəllim, 3-ü müəllim, 2-si isə laborant vəzifəsində çalışır. Kafedra müdiri dos. Elmar İmanovdur.
   “Xarici dil” kafedrasında 9 əməkdaş fəaliyyət göstərir. Onların 2-si dosent, 4-ü baş müəllim, 3-ü müəllim vəzifəsində çalışır.      Kafedraya dos. Seyran Qayıbov rəhbərlik edir.
Fakültədə 2 tyutor fəaliyyət göstərir.

İxtisaslar

   Pedaqoji fakültədə “Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Riyaziyyat müəllimliyi (ingilis dilində)”, “Fizika müəllimliyi (ingilis dilində)”, “Riyaziyyat və informatika müəllimliyi (ingilis və Azərbaycan dilində)”, “Tərcümə (ingilis dili)”, “Dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə)”, “İbtidai sinif müəllimliyi (ingilis və Azərbaycan dilində)”, “Məktəbəqədər təlim və tərbiyə (ingilis dilində)”, “Kimya müəllimliyi (ingilis dilində)”, “Biologiya müəllimliyi (ingilis dilində)”, “Kimya və biologiya müəllimliyi”, “Dil və ədəbiyyat müəllimliyi (türk dili üzrə)” ixtisasları üzrə bakalavr, “Azərbaycan dili”, “Azərbaycan ədəbiyyatı” və “Təhsil üzrə menecment” (MBA) ixtisasları üzrə magistr hazırlığı aparılır.
Göründüyü kimi, fakültə nəzdindəki ixtisasların çoxunda tədris ingilis dilindədir. Bu ixtisasları bitirən tələbələr xarici dil təmayüllü lisey və gimnaziyalarda, orta təhsil müəssisələrində, eləcə də məktəbəqədər təhsil müəssisələrində işləmək imkanı qazanırlar.