BMU-da onlayn “Məzun günü” keçirilib

10 İyul 2020
BMU-da onlayn “Məzun günü” keçirilib

Bakı Mühəndislik Universitetində (BMU)  onlayn “Məzun günü” keçirilib. Tədbir universitetin rəsmi “Youtube” kanalı vasitəsilə canlı olaraq yayımlanıb.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov koronavirus pandemiyası ilə əlaqədar olaraq tədbirin onlayn formada keçirildiyini diqqətə çatdırıb. Rektor Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərə göstərilən xüsusi diqqət və qayğıdan bəhs edib, onlarla bağlı həyata keçirilən dövlət proqramlarının rolunu vurğulayıb.

Havar Məmmədov cari tədris ilində BMU-dan bakalavr pilləsi üzrə 795, magistr pilləsi üzrə isə 88 nəfərin məzun olduğunu bildirib. Bakalavr məzunları arasında 91 nəfərin, magistr məzunları arasında 16 nəfərin fərqlənmə ilə bitirdiyi söyləyən rektor bu yüksək göstəriciləri tədrisin keyfiyyətinin nəticəsi kimi qiymətləndirib. Havar Məmmədov 26 nəfər məzunun isə bir sıra xarici ölkələrin, o cümlədən Gürcüstan, Rusiya, Misir, Çad, Peru, Qazaxıstan, Pakistan, İraq, Myanma, İndoneziya və Çin vətəndaşları olduğunu qeyd edib.

Rektor universitetin maddi-texniki bazasından istifadə etməklə burada qazanılan bilik və bacarıqların məzunların gələcəkdə uğurla fəaliyyət göstərməsinə əsas yaradacağını deyib. O, cari tədris ilində BMU-nun magistratura səviyyəsi üzrə qəbul planında yüksək göstəricilərin qeydə alındığını və qəbul planının 95 faizdən artıq dolduğunu sözlərinə əlavə edib. Çıxışının sonunda Havar Məmmədov bu sevincli gün münasibətilə məzun olan hər bir tələbəni, eləcə də onların valideynlərini təbrik edib və onlara xoş arzularını çatdırıb.

BMU-nun Himayəçilər Şurasının sədri, Azərbaycan Respublikası Təhsil nazirinin müavini İdris İsayev bu əlamətdar gün münasibətilə Təhsil Nazirliyi adından bütün məzunları, universitetin professor-müəllim heyətini ürəkdən təbrik edib, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İdris İsayev Prezident cənab İlham Əliyevin diqqət və qayğısı, eləcə də Heydər Əliyev Fondunun dəstəyi nəticəsində ölkəmizdə təhsilin müasir tələblər səviyyəsində inkişafını təmin edən, beynəlxalq təhsil sistemini inteqrasiyaya geniş imkanlar yaradan, təhsilin inkişafı ilə bağlı bır sıra qəbul edilmiş proqramların və strategiyaların reallaşdırılması nəticəsində ölkəmizdə tədris infrastrukturunun müasirləşdiyini, təhsilin keyfiyyətinin yaxşılaşdığını söyləyib. Nazir müavini Prezident cənab İlham Əliyevin gənclərə verdiyi tövsiyələri xatırladaraq onların yaxşı və təminatlı gələcəyini müəyyən edən əsas amilin bilik  və bacarıq olduğunu bildirib.

Nazirlik rəsmisi ölkəmizin müstəqilliyi, taleyi, xoşbəxliyi, uzunmüddətli inkişafının gənclərdən asılı olduğunu və bu baxımdan BMU məzunlarını şanslı hesab etdiyini deyib. BMU-nun Azərbaycanın aparıcı ali təhsil müəssisələrindən biri olduğunu söyləyən İdris İsayev burada təhsilin səviyyəsinin çox yüksək olmasını, eləcə də tələbələr üçün əlverişli təhsil mühitinin yaradıldığını qeyd edib. Bildirib ki, məzun statusu almış tələbələrin 10 %-dən çoxunun təhsillərini fərqlənmə diplomu ilə bitirməsi, həmçinin məzunların böyük əksəriyyətinin birinci ildə artıq əmək fəaliyyətinə başlaması BMU-da təhsilin keyfiyyət göstəricilərindən xəbər verir.

Məzunlar üçün yeni dövrün başlandığını qeyd edən nazir müavini onların  universitetdə aldıqları bilik və bacarıqların məzunların həyatının növbəti mərhələlərində xüsusi rol oynayacağına əminliyini ifadə edib. Qeyd edib ki, müasir idarəetmə sisteminə malik olan BMU ölkə iqtisadiyyatına  yüksək ixtisaslı kadrların hazırlanması istiqamətində öz əhəmiyyətli töhfəsini verməkdədir.

Sonra BMU Memarlıq və inşaat fakültəsinin dekanı, dosent Afər Əlifov, İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, dosent Mayis Əzizov, Mühəndislik fakültəsinin dekanı, dosent Hüseyn Mirzəyev, Pedaqoji fakültə dekanı, dosent Elşad Abdullayev təmsil etdikləri fakültələrin fəaliyyəti və uğurları haqqında məlumat verib, eyni zamanda 4 illik bakalavr təhsili müddətində ən yüksək göstərici əldə etmiş fakültə birincilərini elan ediblər. Daha sonra Memarlıq və inşaat fakültəsinin birincisi Məhərrəm Cəbrayılov, İqtisadiyyat və idarəetmə fakültəsinin birincisi Alişa İzabakarova, Mühəndislik fakültəsinin birincisi Toğrul Abbaslı çıxış ediblər.

Tədbirin gedişində ixtisas birincilərinin adları qeyd olunub.

İqtisadiyyat və idarəetmə fakültəsinin magistratura birincisi Tural Dadaşov çıxış edib.

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Amil Abdullayev və Tələbə Gənclər Təşkilatının sədri Ləman Şərifova məzunları təbrik ediblər.

BMU-nu 99.38 balla bitirən universitet birincisi, eyni zamanda Pedaqoji fakültənin birincisi Arzu Məmmədəliyeva məzun kötüyünə öz adını həkk edib və ürək sözlərini çatdırıb. O, pandemiya vəziyyəti ilə əlaqədar olaraq bütün məzunların adından məzun papağını havaya qaldırıb.

Tədbir məzunların bakalavr təhsil həyatını əks etdirən videoçarx və onların adlarının nümayişi ilə başa çatıb.

“Məzun günü” tədbirinə aşagıdakı link vasitəsilə baxmaq mümkündür: https://www.youtube.com/watch?v=qwREXZ5WK-M

İctimaiyyətlə əlaqələr şöbəsi

Digər xəbərlər