BMU ilə Çin universiteti arasında magistratura səviyyəsində ikili diplom proqramı hazırlanır
5 dekabr 2025
Bakı Mühəndislik Universiteti (BMU) ilə Çin Xalq Respublikasının Pekin İnşaat Mühəndisliyi və Memarlıq Universiteti (BUCEA) arasında magistratura səviyyəsində ikili diplom proqramı (İDP) hazırlanır.
Bu istiqamətdə fəaliyyət paytaxt Pekində yerləşən və mühəndislik, memarlıq sahələrində ixtisaslaşan BUCEA ilə BMU arasında cari ilin yayında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində aparılır.
Hazırda ikili diplom proqramının akademik məzmunu, tədris planları, tələbə mübadiləsi mexanizmləri üzrə müzakirələr gedir. Eyni zamanda hər iki universitetin müvafiq işçi qrupları proqramın strukturlaşdırılması, təşkilati məsələlərin dəqiqləşdirilməsi və növbəti mərhələlərin planlaşdırılması üzərində fəal çalışırlar.
BUCEA kimi yüksək reytinqli və qlobal nüfuza malik universitetlə əməkdaşlıq çərçivəsində gerçəkləşdiriləcək İDP tələbələrin beynəlxalq təcrübə qazanmasına, rəqabətqabiliyyətli bilik və bacarıqlar əldə etməsinə, həmçinin karyera perspektivlərinin genişlənməsinə şərait yaradacaq. Həm BMU, həm də BUCEA-nın akademik resursları və tədris mühitindən faydalanan tələbələr sonda iki diplom əldə edəcəklər.
Xarici tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi, beynəlxaql təhsil proqramlarının artırılması və tələbələrin qlobal təhsil məkanına inteqrasiyasının dəstəklənməsi BMU-nun prioritet hədəfləri sırasında dayanır və BUCEA ilə birgə hazırlanan İDP bu istiqamətdə atılan növbəti əhəmiyyətli addımdır.
Qeyd edək ki, BMU-nun Çin universitetləri ilə əlaqələrinin genişlənməsi üçün bir sıra mühüm layihələr icra olunmaqdadır. Bunlardan biri hazırda BMU ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında bakalavr səviyyəsində 3 ixtisas üzrə uğurla tətbilq olunan ikili diplom proqramıdır. BUCEA ilə magistratura səviyyəsində planlaşdırılan yeni proqram isə BMU və Çin universitetləri arasında tərəfdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verəcək.