BMU-nun prorektoru tələbə təşkilatlarının rəhbərləri ilə görüşüb
5 dekabr 2025
Bakı Mühəndislik Universitetində (BMU) Tələbə Gənclər Təşkilatı, Tələbə Həmkarlar İttifaqı Komitəsi, Tələbə Elmi Cəmiyyəti və tələbə klublarının rəhbər heyəti ilə görüş keçirilib.
Görüşdə BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə ölkəmizdə gənclər siyasətinin dövlətin daim prioritet istiqaməti olduğunu vurğulayıb, gənclərə göstərilən davamlı diqqət və dəstəkdən ətraflı danışıb.
Bayram Hüseynzadə öz çıxışında tələbələr arasında nizam-intizamın gücləndirilməsi, sosial platformalarda aktivliyin artırılması, tələbə- müəllim münasibətləri və digər mühüm məsələlərlə bağlı BMU rektorunun tapşırıq və tövsiyələrini çatdırıb.
Sonra tələbə təşkilatlarının son dövrlər həyata keçirdiyi layihələr, onların fəallıq səviyyəsi, universitet tədbirlərində iştirakı və tələbələrin sosial həyatına verdiyi töhfələr geniş müzakirə olunub. Təşkilatların daha dinamik, kreativ və ünvanlı fəaliyyət göstərməsinin vacibliyi önə çəkilib. Görüş zamanı fəaliyyətin daha da gücləndirilməsi, təşkilatlar arasında koordinasiyanın artırılması, tədbirlərin müasir tələblərə uyğun təşkili və tələbələrin daha geniş şəkildə proseslərə cəlb olunması istiqamətində müvafiq tapşırıqlar verilib, geniş fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən keçirilmiş seçkilərdə BMU Tələbə Gənclər Təşkilatına (TGT) yeni sədr seçilən Mühəndislik fakültəsinin “Ekologiya mühəndisliyi” ixtisasının I kurs tələbəsi Məryəm Alıyeva iştirakçılara təqdim olunub.
TGT-nin gənclərin sosial, akademik və ictimai fəallığının artırılmasında əhəmiyyətli platforma olduğu qeyd edilib və yeni sədrə fəaliyyətində uğurlar arzulanıb.
Məryəm Alıyeva ona göstərilən etimada görə təşəkkür edib və təşkilatın fəaliyyətinin daha da genişləndirilməsi, tələbələrin maraq və ehtiyaclarına uyğun layihələrin reallaşdırılması üçün fəal çalışacağını vurğulayıb.




