BMU Tələbə Gənclər Təşkilatı

Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Gənclər Təşkilatı (TGT) 2016-cı ilin fevral ayından fəaliyyət göstərir. Təşkilat Gənclər və İdman Nazirliyi ilə Təhsil Nazirliyinin birgə layihəsi əsasında yaradılmışdır. Tələbələrin özünüidarəetmə orqanı olan TGT-nin əsas məqsədləri tələbələrin hüquqlarını qorumaq, onları maarifləndirmək və asudə vaxtlarını səmərəli təşkil etməkdir.
Təşkilatın idarəetməsi sədr və sədr müavinləri tərəfindən həyata keçirilir. Onların əsas vəzifəsi təşkilatın ümumi strategiyasını müəyyən etmək, departamentlərin işinə nəzarət etmək və fəaliyyətin davamlılığını təmin etməkdir.
Departamentlər
TGT-nin fəaliyyəti aşağıdakı ixtisaslaşmış departamentlər vasitəsilə həyata keçirilir:
- Menecment Departamenti: Layihələrin təşkilatçılığını və tədbirlərin idarə olunmasını həyata keçirir. Bu departament vasitəsilə fakültə və kafedra sədrləri tələbələri Elmi Şuralarda təmsil edir və TGT ilə tələbələr arasında məlumat mübadiləsini təmin edirlər.
- Layihələr Departamenti: Tələbələrdən daxil olan layihə təkliflərini dəyərləndirir. Departament ən yaxşı layihələri seçir, onları təkmilləşdirərək reallaşdırılması üçün rəhbərliyə təqdim edir.
- İnsan Resursları Departamenti: TGT-yə yeni üzvlərin cəlb edilməsi, layihələrdə iştirakın təşkili və üzvlərin fəaliyyətinin qeydiyyatını aparır. Həmçinin, tələbələrə "Fərdi Fəaliyyət" balının verilməsini təmin edir.
- Media və Dizayn Departamenti: TGT-nin sosial şəbəkə hesablarını idarə edir və layihələrin elanlarını hazırlayaraq tələbələrə çatdırır. Departament daxilində tədbirlərin vizual tərtibatı üçün xüsusi dizayn şöbəsi də fəaliyyət göstərir.
- Azərbaycan Tələbə Kartı (ATK) Departamenti: Tələbələr üçün endirim kartlarının qeydiyyatını, paylanmasını və kart üçün yeni tərəfdaş şirkətlərin (sponsorların) tapılmasını həyata keçirir. Departament hər gün 10:40-dan 14:40-a qədər tələbələrə xidmət göstərir.