BMU alimi Xəzərdə plastik çirklənmənin xəritələndirilməsinə yeni yanaşma təqdim edir

20 oktyabr 2026
BMU alimi Xəzərdə plastik çirklənmənin xəritələndirilməsinə yeni yanaşma təqdim edir

Bakı Mühəndislik Universitetinin (BMU) Ekologiya və yaşıl innovasiyalar kafedrasının dosenti Səid Səfərovun həmmüəllifi olduğu elmi məqalə nüfuzlu “Geocarto International” (Taylor & Francis) jurnalında dərc olunub. 

 

Web of Science və Scopus bazalarında indekslənən jurnalda işıq üzü görən məqalə hər iki elmi istiqamət -“Geography, Planning and Development” və “Water Science and Technology” üzrə Q1 kvartilində açıq giriş formatında yer alıb. 

 

“UAV-based Deep Learning and Spatial Analysis for Mapping Coastal Plastic Debris Distribution” (“Sahildə plastik zibillərin paylanmasının xəritələndirilməsi üçün İHA əsaslı Dərin Öyrənmə və Məkan Analizi”) adlı tədqiqatda Xəzər dənizinin Neftçala sahillərindəki makroplastik çirklənməsi pilotsuz uçuş aparatı (UAV) görüntüləri, YOLOv4 arxitekturasına əsaslanan dərin öyrənmə modeli, GPS sahə doğrulaması və məkan statistikası metodları kompleks şəkildə tətbiq edilib. Təxminən 0,385 km² tədqiqat sahəsində 7 192 litter elementi aşkar olunub, orta sıxlığın 1 km²-ə 18 684 element, ayrı-ayrı çirklənmə ocaqlarında isə 60 000 elementi aşdığı müəyyən edilib. Tədqiqat nəticələri sahilboyu ərazilərdə məqsədyönlü təmizləmə tədbirlərinin planlaşdırılması və sistemli monitorinqin həyata keçirilməsi üçün metodoloji əsas kimi dəyərləndirilir. 

 

Araşdırma uzaqdan zondlama, süni intellekt texnologiyalarının ekologiyaya tətbiqi və Xəzər dənizinin ətraf mühit problemlərinin elmi əsaslarla öyrənilməsi sahəsində mühüm töhfə hesab olunur.  

 

Məqalə ilə aşağıdakı keçidlər vasitəsilə tanış olmaq mümkündür:

 

Scopus:
https://www.scopus.com/pages/publications/105052874128?origin=resultslist

 

DOI:
https://doi.org/10.1080/10106049.2026.2736384

BMU alimi Xəzərdə plastik çirklənmənin xəritələndirilməsinə yeni yanaşma təqdim edir | BEU