BMU Azərbaycan-Gürcüstan Rektorlar Konfransında təmsil olunur
16 noyabr 2026
Bakı Mühəndislik Universitetinin (BMU) rektoru Yaqub Piriyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən I Azərbaycan-Gürcüstan Rektorlar Konfransında iştirak edir.
Gürcüstan Texniki Universitetində təşkil olunan konfransa Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev, Gürcüstanın təhsil, elm və gənclər nazirinin müavini Zviad Qabisoniya, eləcə də hər iki ölkənin ali təhsil müəssisələrinin rektorları və nümayəndələri qatılıblar.
Konfransın açılışında Gürcüstan Texniki Universitetinin rektoru David Qurgenidze iştirakçıları salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb.
Açılış mərasimində çıxış edən İdris İsayev və Zviad Qabisoniya iki ölkə arasında elm və ali təhsil sahəsində əməkdaşlığın inkişafı, universitetlərarası əlaqələrin genişləndirilməsi və birgə təşəbbüslərin həyata keçirilməsinin vacibliyindən danışıblar.
Səfir Faiq Quliyev isə iki ölkə arasında dostluq münasibətlərinin möhkəmləndirilməsində elm və təhsil sahəsində əməkdaşlığın xüsusi rolunu qeyd edib.
Konfrans çərçivəsində elmi-tədqiqat əməkdaşlığı və ali təhsilin beynəlmiləlləşməsinin inkişafına dair təqdimatın keçirilməsi, Azərbaycan və Gürcüstan universitetləri rektorlarının iştirakı ilə panel müzakirələrinin təşkili, eləcə də ali təhsil sahəsində əməkdaşlığın perspektivləri və yeni tərəfdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycan və Gürcüstanın ali təhsil müəssisələri arasında əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi gözlənilir.





