BMU-da İRİA-nın “Açıq Məlumatlar Portalı” təqdim olunub

22 oktyabr 2026
BMU-da İRİA-nın “Açıq Məlumatlar Portalı” təqdim olunub

Bakı Mühəndislik Universitetində (BMU) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) açıq məlumatlardan istifadə imkanlarına həsr olunan məlumat sessiyası keçirilib.     

 

BMU Texnoparkının təşkilatçılığı ilə baş tutan tədbirdə universitetin Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov açıq məlumatların elmi tədqiqatlarda, tədris prosesində və innovativ layihələrin hazırlanmasında əhəmiyyətinə diqqət çəkib. O, universitetin akademik və innovasiya icmasının açıq məlumatlara ehtiyaclarının  müəyyənləşdirilməsinin, eləcə də bu sahədə İRİA ilə əməkdaşlıq imkanlarının araşdırılmasının vacibliyini qeyd edib.  

 

İRİA-nın İnnovasiya Ekosistemi Departamentinin İnnovasiya siyasəti və strategiyasının idarəedilməsi şöbəsinin layihə rəhbəri Xanım Rəhmanova agentliyin “Açıq Məlumatlar Portalı” ilə bağlı təqdimatla çıxış edib. Bildirilib ki, portalın yaradılması ölkədə rəqəmsal inkişaf sahəsində atılan vacib addımlardan biridir. Təqdimatda açıq məlumat anlayışı, bu məlumatların əsas xüsusiyyətləri və portalın funksional imkanları haqqında məlumat verilib. Qeyd olunub ki, açıq məlumat dəstlərinin əsas xüsusiyyətlərindən biri tam və təkrar istifadəyə yararlı formada təqdim edilməsidir. Portal məlumatların əldə olunması və sonrakı istifadəsi prosesini asanlaşdırmaqla müxtəlif sahələr üzrə məlumatların vahid formada mərkəzləşdirilməsini həyata keçirir. Hazırda portalda müxtəlif dövlət qurumlarından toplanmış 12 kateqoriya üzrə 2021 məlumat dəsti yerləşdirilib. Platformanın hədəf auditoriyasına geniş istifadəçi qrupu, o cümlədən universitet müəllimləri, tədqiqatçılar, tələbələr və startap ekosisteminin nümayəndələri daxildir. 

 

Xanım Rəhmanova portalın mühüm komponentlərindən birinin məlumat sorğusu mexanizmi olduğunu diqqətə çatdırııb. Bildirilib ki, universitet müəllimləri və tədqiqatçılarının elmi araşdırmalar, tələbə və əməkdaşların isə startap və innovativ layihələr üçün ehtiyac duyduqları məlumatlar bu baxımdan xüsusi əhəmiyyət daşıyır.      

        

İnteraktiv şəraitdə davam edən tədbirdə iştirakçıların sualları cavablandırılıb, təkliflər dinlənilib. Elmi tədqiqatlar, tədris prosesi və innovativ layihələr üçün tələb olunan məlumatların müəyyənləşdirilməsi, açıq məlumatlardan istifadə imkanları və bu sahədə əməkdaşlıq perspektivləri geniş müzakirə olunub.

 

Məlumat sessiyası BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü (Keyfiyyətli təhsil), 9-cu (Sənaye, innovasiya və infrastruktur) və 17-ci (Məqsədlər naminə tərəfdaşlıq) məqsədlərinə uyğun olaraq təşkil edilib.   

BMU-da İRİA-nın “Açıq Məlumatlar Portalı” təqdim olunub | BEU