BMU-da “Meta”nın azərbaycanlı mühəndisi ilə tələbələrin görüşü keçirilib
22 oktyabr 2026
Bakı Mühəndislik Universitetində (BMU) informasiya texnologiyaları, data analitikası və maliyyə ixtisasları üzrə təhsil alan tələbələrlə nüfuzlu beynəlxalq texnologiya şirkətlərində çalışan, hazırda isə “Meta”da fəaliyyət göstərən azərbaycanlı mütəxəssis Elxan Dadaşovun görüşü təşkil olunub.
Tədbirdə giriş nitqi ilə çıxış edən BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə universitetdə tələbələrin nəzəri biliklərlə yanaşı, praktiki təcrübə qazanmalarına, müasir texnoloji yeniliklərlə tanış olmalarına və beynəlxalq əmək bazarının tələblərinə uyğun inkişaf etmələrinə xüsusi önəm verildiyini bildirib. Prorektor dünyanın aparıcı texnologiya şirkətlərində çalışan azərbaycanlı mütəxəssislərlə belə görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsi, peşəkar hədəflərinin müəyyənləşdirilməsi və gələcək karyeralarının planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Elxan Dadaşov kompüter elmləri üzrə magistr dərəcəsini ABŞ-ın Braun Universitetində, informasiya texnologiyaları üzrə magistr dərəcəsini isə Almaniyanın Ştutqart Universitetində alıb. Orta təhsilini Heydər Əliyev adına Müasir Təhsil Kompleksində alan Elxan Dadaşov UNEC-ə qəbul olub və yaradılan təqaüd imkanları hesabına bakalavr təhsilini Cənubi Koreyanın KAIST universitetində davam etdirib. Bundan əlavə, Stenford Universitetinin SCPD proqramı çərçivəsində təbii dilin emalı (NLP) və kompüter görməsi üzrə magistr səviyyəli kurslarda iştirak edib, CS224N kursunda fasilitator kimi fəaliyyət göstərib.
Görüşdə qonaq öz peşəkar inkişaf yolu, beynəlxalq şirkətlərdə qazandığı təcrübə, müasir texnologiya sektorunda karyera imkanları və uğur qazanmağın əsas şərtləri barədə tələbələrlə fikirlərini bölüşüb.
Hazırda “Meta” şirkətində aparıcı proqram təminatı mühəndisi və texniki lider kimi fəaliyyət göstərən Elxan Dadaşov süni intellekt və maşın öyrənməsi, böyük həcmli məlumatların emalı, texnoloji platformaların yaradılması və mürəkkəb mühəndislik layihələrinin idarə olunması sahəsindəki təcrübəsindən danışıb.
Qonaq, həmçinin, “Apple”, “Uber Technologies” və “Salesforce” kimi dünyanın aparıcı texnologiya şirkətlərindəki fəaliyyəti, beynəlxalq əmək bazarının tələbləri, peşəkar inkişaf üçün zəruri bilik və bacarıqlar, nəzəri biliklərin praktiki təcrübə ilə möhkəmləndirilməsinin əhəmiyyəti barədə məlumat verib.
İnteraktiv müzakirə şəraitində davam edən görüşdə tələbələri maraqlandıran suallar cavablandırılıb, İT sahəsində karyera qurmaq, beynəlxalq şirkətlərdə iş imkanları əldə etmək, texniki bilikləri inkişaf etdirmək və gələcək peşəkar hədəfləri müəyyənləşdirmək mövzularında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda çıxış edən BMU-nun Maliyyə və mühasibat kafedrasının müdiri Damət Bağırov müasir dövrdə informasiya texnologiyaları, data analitikası və maliyyə sahələrinin qarşılıqlı əlaqəsinin getdikcə gücləndiyini, bu istiqamətlərdə təhsil alan gənclərin rəqəmsal bacarıqlara, analitik düşüncəyə və davamlı öyrənmə vərdişlərinə yiyələnməsinin vacibliyini qeyd edib. O, belə görüşlərin tələbələrin yeni biliklər əldə etməsinə, beynəlxalq təcrübəni yaxından tanımasına və gələcək peşəkar fəaliyyətlərinə daha məqsədyönlü hazırlaşmasına töhfə verdiyini bildirib.





