BMU-da Özbəkistan universitetinin nümayəndələri ilə birgə dərs keçirilib
21 oktyabr 2026
Özbəkistanın Namangan Dövlət Texniki Universitetinin professor-müəllim heyətinin Bakı Mühəndislik Universitetinə (BMU) təcrübə mübadiləsi məqsədilə həyata keçirilən ikihəftəlik səfəri çərçivəsində “Geyim dizaynı” ixtisası üzrə birgə dərs təşkil olunub.
Dərsdə Namangan Dövlət Texniki Universitetinin Dizayn kafedrasının müdiri Matluba Nazarova müasir dövrdə geyim dizaynının və moda sənayesinin inkişaf tendensiyaları, bu sahə üzrə mütəxəssis hazırlığının xüsusiyyətləri barədə məlumat verib. O, rəhbərlik etdiyi kafedranın fəaliyyəti, “Geyim dizaynı” ixtisası üzrə tədris proqramı, tələbələrin nəzəri biliklərini praktiki bacarıqlarla möhkəmləndirməsi üçün yaradılan imkanlar və sənaye ilə əməkdaşlığın qurulması istiqamətində görülən işlərdən bəhs edib. Matluba Nazarova tələbələrin hazırladıqları dizayn kolleksiyalarının festivallarda təqdim olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, etno-üslubda hazırlanan geyim kolleksiyalarında Mərkəzi Asiya ölkələrinin, eləcə də Azərbaycanın milli geyim elementlərinə yer verilir.
BMU-nun Memarlıq və inşaat fakültəsinin dekanı Nizami Əhmədov çıxışında Namangan Dövlət Texniki Universitetinin müxtəlif ixtisaslar üzrə professor-müəllim heyətinin BMU-ya səfərinin və bu çərçivədə təşkil olunan ortaq dərslərin təcrübə mübadiləsi baxımından əhəmiyyətini vurğulayıb. Dekan geyim dizaynında milli-mədəni irsin müasir trendlərlə uzlaşdırılmasının, innovativ yanaşmaların tətbiqinin və tələbələrin yaradıcı düşüncə bacarıqlarının inkişaf etdirilməsinin önəmini qeyd edib.
Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.


