BMU-da QİÇS-lə mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib
14 may 2026
Bakı Mühəndislik Universitetində (BMU) Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən tələbələr üçün maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmunçatışmazlıq Sindromu (QİÇS) haqqında tələbələrin məlumatlılıq səviyyəsinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği olub.
Tədbirdə çıxış edən mərkəzin həkimi Samirə Vəliyeva insanın immun sistemini zəiflədən və müdafiə mexanizmini sıradan çıxaran İİV infeksiyası və QİÇS xəstəliyi barədə ətraflı məlumat verib. O, son illərdə dünyada və regionda xəstəliyin yayılma tendensiyası, infeksiyaya qarşı həyata keçirilən profilaktik tədbirlər, erkən diaqnostikanın əhəmiyyəti və müasir müalicə üsulları barədə danışıb.
Həkim çıxışı zamanı İİV-in mərhələləri, yoluxma yolları, kliniki əlamətləri, müayinə və müalicə imkanlarından bəhs edib. Bildirilib ki, İİV-in vaxtında aşkarlanması həm fərdin sağlamlığının qorunması, həm də virusun yayılmasının qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır. Xüsusilə gənclərin ildə ən azı bir dəfə müayinədən keçməsinin vacibliyi vurğulanıb.
Samirə Vəliyeva qeyd edib ki, bəzi hallarda gigiyena qaydalarına düzgün əməl olunmayan gözəllik salonları, stomatoloji kabinetlər və digər tibbi xidmət sahələri də yoluxma riskini artıra bilər. O, ölkəmizdə nikahdan əvvəl tibbi müayinələrin həyata keçirildiyini, eləcə də bəzi iş sahələrində işə qəbul zamanı İİV testlərinin aparıldığını diqqətə çatdırıb.
Tədbirdə bildirilib ki, xəstəliyin ciddiliyi, xüsusilə gənclər arasında yayılma riskinin mövcudluğu və sağlam genofondun qorunmasının vacibliyi nəzərə alınaraq ölkəmizdə maarifləndirmə tədbirləri geniş şəkildə həyata keçirilir. İİV-lə bağlı müayinə və müalicə xidmətlərinin dövlət tərəfindən ödənişsiz təşkil olunduğu da qeyd edilib, o cümlədən yanlış məlumatlandırmanın yaratdığı risklərdən danışılıb, cəmiyyətin doğru və etibarlı tibbi məlumatlara əsaslanmasının vacibliyi vurğulanıb.
Sonda tələbələrin sualları cavablandırılıb və anonim qaydada İİV-lə bağlı ekspress-testdən keçmək imkanı yaradılıb.


