BMU-da süni intellekt üzrə gənclər hakatonu keçirilib

17 noyabr 2026
BMU-da süni intellekt üzrə gənclər hakatonu keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) AI Youth Camp (Süni intellekt üzrə Gənclər Düşərgəsi) çərçivəsində süni intellekt texnologiyalarına həsr olunan hakaton təşkil edilib.  

 

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan hakatonun məqsədi gənclərin süni intellekt sahəsində bacarıqlarının inkişaf etdirilməsi, nəzəri biliklərinin praktiki layihələr vasitəsilə tətbiqinə şərait yaradılması olub. Hakaton müddətində iştirakçılar komandalara bölünərək süni intellekt əsaslı innovativ həllər üzərində çalışıb, irəli sürdükləri ideyaları layihələr şəklində işləyib hazırlayıblar. BMU-nun "Kompüter elmləri" ixtisasının II kurs tələbəsi Zərif Salehzadənin rəhbərliyi ilə hazırlanan layihələr yekunda münsiflər heyətinə təqdim olunub və müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib. 

 

Qiymətləndirmənin nəticələrinə əsasən, fərqlənən komandalar qalib elan edilərək mükafatlandırılıb, bütün iştirakçılara isə sertifikatlar təqdim olunub.

 

Hakaton gənclərə komanda şəklində işləmək, texnoloji biliklərini real layihələr üzərində sınamaq, yaradıcı yanaşmalarını nümayiş etdirmək və süni intellekt sahəsində yeni təcrübə qazanmaq imkanı yaradıb. 

BMU-da süni intellekt üzrə gənclər hakatonu keçirilib | BEU