BMU əməkdaşları Milli Qida Texnologiya Platformasının növbəti iclasında iştirak ediblər
21 oktyabr 2026
Bakı Mühəndislik Universitetinin (BMU) Qida və biotexnologiya kafedrasının müdiri Rəvan Rəhimov və kafedranın müəllimi Ərşad Quliyev Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü ilə yaradılmış Azərbaycan Milli Qida Texnologiya Platformasının on birinci iclasında iştirak ediblər.
İclasda Azərbaycanda qida mühəndisliyi üzrə kadr hazırlığının müasir tələblərə uyğunlaşdırılması, bu sahədə təhsilin keyfiyyətinin yüksəldilməsi və ali təhsil müəssisələri ilə sənaye arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tədris proqramlarının əmək bazarının və qida sənayesinin ehtiyaclarına cavab verməsi ilə bağlı rəy və təkliflər səsləndirilib. Ölkənin daxili ehtiyacları nəzərə alınmaqla platforma çərçivəsində hazırlanmış müştərək kurikulumun Elm və Təhsil Nazirliyinə təqdim ediləcəyi bildirilib.
Azərbaycan Milli Qida Texnologiya Platforması TAU-nun Himayəçilər Şurasının təşəbbüsü ilə 2025-ci ildə yaradılıb. Bir sıra ali təhsil müəssisələri, qida sənayesi şirkətləri, elmi-tədqiqat qurumları, müvafiq dövlət strukturları və sahə ekspertlərinin təmsil olunduğu platforma qida sənayesi, qida mühəndisliyi və qida texnologiyaları sahələrində universitetlərlə sənaye arasında əməkdaşlığın gücləndirilməsi, innovativ elmi-tədqiqatların təşviqi və təhsillə istehsal arasında inteqrasiyanın inkişaf etdirilməsi məqsədi daşıyır.

