BMU rektoru universitetə qəbul olunan gəncləri təbrik edib
26 avqust 2026
Əziz gənclər!
Sizi göstərdiyiniz zəhmət və əzmkarlığın nəticəsi olaraq Bakı Mühəndislik Universitetinin (BMU) tələbəsi adını qazanmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm!
BMU tələbəsi adını qazanmaqla həyatınızın mühüm mərhələlərindən birinə qədəm qoyur, inkişaf və yeni imkanlarla zəngin tələbəlik yoluna başlayırsınız. Müasir maddi-texniki bazaya və zəngin laboratoriya imkanlarına malik BMU-da təhsil almaq yalnız müasir bilik və peşəkar bacarıqlar əldə etmək deyil, eyni zamanda potensialınızı inkişaf etdirmək, innovativ düşüncə formalaşdırmaq və gələcəyin çağırışlarına hazır olmaq deməkdir. Universitetimizdə sizi zəngin tələbəlik həyatı, müxtəlif layihə və təşəbbüslərdə iştirak, yeni ideyalar irəli sürmək və startaplarınızı inkişaf etdirmək üçün geniş imkanlar gözləyir. İnanıram ki, bu imkanlardan səmərəli istifadə edərək həm peşəkar, həm də şəxsi inkişafınız üçün mühüm addımlar atacaqsınız.
Dəyərli gənclər!
Əminəm ki, BMU-da qazandığınız bilik və təcrübə gələcək fəaliyyətiniz üçün möhkəm təməl olacaq. Formalaşdıracağınız peşəkar bacarıqları uğurla tətbiq edərək ölkəmizin elmi, iqtisadi və texnoloji tərəqqisinə, eləcə də dayanıqlı inkişafına dəyərli töhfələr verəcəksiniz.
Hər birinizə tələbəlik illərində zəngin bilik, uğurlu ideyalar, elmi axtarışlar və parlaq nailiyyətlər arzulayıram. Özünüzə və potensialınıza inanın, qarşınıza qoyduğunuz məqsədlərə doğru əzmlə irəliləyin!
BMU ailəsinə xoş gəlmisiniz!
Yaqub Piriyev
Bakı Mühəndislik Universitetinin rektoru