BMU-da doktoranturaya qəbul üzrə iddiaçılarla görüş
10 iyun 2026
Bakı Mühəndislik Universitetində (BMU) fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul komissiyasının iclası keçirilib.
İclasda çıxış edən BMU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov yüksəkixtisaslı elmi kadr potensialının formalaşdırılması, elmi fəaliyyətin genişləndirilməsi və gənclərin elmə marağının artırılması istiqamətində ali təhsil müəssisələrinin rolundan danışıb.
Prorektor doktoranturaya qəbul üçün müraciət etmiş namizədlərin ixtisas uyğunluğunun qiymətləndirilməsi zamanı qərarların şəffaflıq və ədalət prinsipləri əsasında qəbul edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və iddiaçılara uğurlar arzulayıb.
BMU-nun Magistratura və doktorantura şöbəsinin müdiri, professor Şikar Qasımov qəbul qaydaları və şərtləri barədə məlumat verib.
Sonra doktoranturaya qəbul olmaq istəyən şəxslər seçdikləri ixtisaslar üzrə komissiya üzvlərinin suallarını cavablandırıblar.
İclasın yekununda komissiya üzvlərinin rəyləri, elmi rəhbərlərlə aparılan müzakirələr və ixtisas uyğunluğunun qiymətləndirilməsi əsasında 2026-cı ildə BMU-nun fəlsəfə doktoru proqramı üzrə doktoranturasına sənəd təqdim etmiş 54 nəfərin növbəti mərhələyə-qəbul imtahanlarına buraxılması barədə müvafiq qərar qəbul edilib.


