BMU-da hüquqi maarifləndirici tədbir

14 may 2026
BMU-da hüquqi maarifləndirici tədbir

Bakı Mühəndislik Universitetində (BMU) “Hüquqlarını bil: fərdlərin müxtəlif sahələrdə hüquqları, yerli və beynəlxalq qanunvericiliyin müqayisəli təhlili” mövzusunda maarifləndirici seminar keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbələr və hüquq sahəsi üzrə mütəxəssislər iştirak ediblər.

 

Seminarın açılışında BMU-nun Mühəndislik fakültəsinin dekan müavini Vurğun Qəhrəmanov və Logistika və nəqliyyat kafedrasının baş müəllimi Əli Qocayev çıxış edərək hüquqi biliklərin xüsusilə logistika, nəqliyyat və idarəetmə sahələrində mühüm rol oynadığını vurğulayıblar. Bildirilib ki, tələbələrin gələcək peşə fəaliyyətində müqavilələr, daşınma qaydaları, əmək münasibətləri və digər hüquqi məsələlərlə tez-tez qarşılaşmaları belə maarifləndirici seminarların əhəmiyyətini artırır.

 

Çıxış edən Ekol Akademiyasının təlim və tədris işləri üzrə təşkilatçısı Niyaməddin Əfəndiyev gənclər arasında hüquqi maarifləndirmə istiqamətində keçirilən seminarların hüquqi düşüncənin formalaşması və praktik hüquqi biliklərin inkişafı baxımından mühüm rol oynadığını diqqətə çatdırıb. O, tələbələrin nəzəri biliklərlə yanaşı, praktik hüquqi yanaşmaları da mənimsəməsinin vacibliyini vurğulayıb.

 

Seminarın əsas məruzəçisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Bakı Ərazi İdarəsinin aparıcı hüquqşünası Röya Mirtalıbova müxtəlif hüquq sahələrində fərdlərin hüquqları, şəxsi toxunulmazlıq, istehlakçı hüquqları və hüquqi müdafiə mexanizmləri barədə ətraflı məlumat verib. Təqdimat zamanı yerli və beynəlxalq qanunvericiliyin müqayisəli təhlili aparılıb, müxtəlif ölkələrin hüquqi yanaşmaları arasındakı fərqlər iştirakçıların nəzərinə çatdırılıb.

 

Seminar çərçivəsində yerli və beynəlxalq məhkəmə təcrübəsindən nümunələr təqdim olunub, hüquqi vəziyyətlərin praktik aspektləri izah edilib. 

 

İnteraktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edən tədbirdə iştirakçıları maraqlandıran hüquqi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

Tədbirin sonunda keçirilən viktorinada fərqlənən tələbələrə müxtəlif hədiyyələr təqdim olunub.

BMU-da hüquqi maarifləndirici tədbir | BEU