BMU-da yeni nəsil metalların tətbiqinə dair seminar keçirilib

15 may 2026
BMU-da yeni nəsil metalların tətbiqinə dair seminar keçirilib

Bakı Mühəndislik Universitetində (BMU) “ALMET-STP şirkətinin metalların sınaq laboratoriyasının imkanları və amorf quruluşlu yeni nəsil metalların enerji ötürücü qurğularda tətbiqi” mövzusunda seminar təşkil olunub. 

 

Seminarda Mühəndislik fakültəsinin professor-müəllim heyəti, tələbələri və ALMET-STP MMC-nin Keyfiyyətə Nəzarət Departamentinin rəhbəri Raiq Mirzəyev, müəssisənin Metalların sınaq laboratoriyasının müdiri Nurlan Rəfiyev iştirak ediblər.

 

BMU-nun Fizika kafedrasının müdiri Razim Bayramlı seminarın açılışında çıxış edərək mövzunun aktuallığını vurğulayıb, istehsal müəssisələri ilə universitetlər arasında belə seminarların təşkilinin əhəmiyyətli olduğunu bildirib.

 

Sonra Metalların sınaq laboratoriyasının müdiri, fizika üzrə fəlsəfə doktoru Nurlan Rəfiyev çıxış edib. Çıxış zamanı AZS ISO/IEC 17025 akkreditasiyalı sınaq laboratoriyasının imkanları, müasir avadanlıqları təqdim olunub. Bildirilib ki, mövcud avadanlıq parkı istehsal prosesində real vaxt rejimində keyfiyyətə nəzarəti təmin edir və müəssisənin beynəlxalq standartlara uyğun fəaliyyətini dəstəkləyir.

 

Çıxışda, həmçinin amorf quruluşlu metalların enerji ötürücü qurğularda tətbiqi və karbon emissiyalarının azaldılmasındakı rolu barədə ətraflı məlumatlar diqqətə çatdırılıb. 

 

Seminar müzakirələrlə davam edib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

BMU-da yeni nəsil metalların tətbiqinə dair seminar keçirilib | BEU