BMU-İNHA İDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

18 may 2026
BMU-İNHA İDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib

Bakı Mühəndislik Universiteti ilə Cənubi Koreyanın İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) IV kurs tələbələri üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarına növbəti qəbul imtahanı keçirilib.

 

BMU rektoru Yaqub Piriyevin təşəbbüsü ilə 2024-cü ildən etibarən onlayn formada gerçəkləşdirilən imtahanlar Dövlət İmtahan Mərkəzi (DİM) ilə birgə təşkil olunub. 

 

86 tələbənin qatıldığı imtahanlar BMU-İNHA İDP çərçivəsində təhsil alan “İnformasiya texnologiyaları”, “Elektrik mühəndisliyi”, “Elektronika mühəndisliyi” və “İnşaat mühəndisliyi” ixtisaslarının IV kurs tələbələri üçün keçirilib.

 

İNHA Universitetində DİM tərəfindən hazırlanan proqram əsasında keçirilən imtahanlar 3 saat 30 dəqiqə davam edib.  İmtahan prosesinə DİM və BMU-İNHA İDP heyəti tərəfindən nəzarət olunub. 

 

3+1 modelinə əsaslanan İDP çərçivəsində hazırda 329 tələbə təhsil alır. Bu zamana qədər proqramdan 143 nəfər məzun olub. İNHA Universitetində 4-cü tədris ili üzrə təhsil alan 114 tələbə isə bu ilin yay aylarında növbəti məzunlar kimi Azərbaycana dönəcəklər.

 

BMU-İNHA İDP “2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

BMU-İNHA İDP tələbələri üçün magistraturaya qəbul imtahanı keçirilib | BEU