BMU və UNEC-in tələbə elmi cəmiyyətləri arasında əməkdaşlıq görüşü olub
20 oktyabr 2026
Bakı Mühəndislik Universiteti (BMU) və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbə elmi cəmiyyətləri arasında əməkdaşlığın genişləndirilməsi və birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə görüş keçirilib.
Görüşdə BMU-nun Elm və innovasiya şöbəsinin müdiri Mayis Əzizov və Qida və biotexnologiya kafedrasının dosenti Elşad Yunusov çıxış edərək elmi fəaliyyətin inkişafında tələbə təşkilatlarının rolundan bəhs edib, universitetlərarası elmi əlaqələrin genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Həmçinin tələbələrin tədqiqat fəaliyyətinə cəlb olunmasının və elmi təşəbbüslərinin təşviq edilməsinin vacibliyi qeyd olunub.
Daha sonra UNEC TEC-in sədri Səma Əliyeva, elmi rəhbəri Afət Cəfərova və Mühəndislik fakültəsi üzrə elmi rəhbəri Vüsalə Musayeva çıxış ediblər. Çıxışlarda cəmiyyətin əsas hədəfləri və prioritet fəaliyyət istiqamətləri barədə məlumat verilib, iki universitetin tələbə elmi cəmiyyətləri arasında əməkdaşlığın qurulması ilə bağlı təkliflər irəli sürülüb və mümkün birgə fəaliyyət istiqamətləri diqqətə çatdırılıb.
BMU TEC-in sədri Emil Salmanov isə təşkilatın fəaliyyət istiqamətləri, həyata keçirdiyi təşəbbüslər və əsas prioritetləri barədə məlumat verib. O, iki təşkilat arasında əməkdaşlığın gücləndirilməsi, birgə elmi tədbirlərin təşkili, tələbələrin tədqiqat fəaliyyətinə marağının artırılması və yeni layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bölüşüb.
Görüşdə gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, birgə elmi təşəbbüslərin həyata keçirilməsi perspektivləri müzakirə edilib.
Sonda qonaqlar BMU-nun kampusu və laboratoriyaları ilə tanış olublar.










