Əlcəzairli alimlərlə BMU-da görüş və seminar keçirilib
12 iyun 2026
Bakı Mühəndislik Universitetində (BMU) Əlcəzairin Məhəmməd Budiaf adına Oran Elm və Texnologiya Universitetinin (USTO-MB) nümayəndələri- Avtomatika kafedrasının mühazirəçisi, elektronika üzrə fəlsəfə doktoru Mohamed Della Krachai və kafedranın dosenti Kheira Melouk ilə görüş keçirilib.
Görüşdə BMU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Ətrabə Gül universitet haqqında ətraflı məlumat verərək ali təhsil müəssisəsinin beynəlmiləlləşmə strategiyası, həyata keçirilən layihələr və xarici universitetlərlə əməkdaşlıq istiqamətində görülən işlərdən bəhs edib. O, müxtəlif ölkələrin nüfuzlu ali təhsil müəssisələri ilə tərəfdaşlığın genişləndirilməsinin BMU-nun əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Eyni zamanda USTO-MB ilə əməkdaşlıq imkanlarının hər iki universitet üçün faydalı olacağını qeyd edərək, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının təşkili, eləcə də innovasiya və texnologiya sahələrində təcrübə mübadiləsinin əhəmiyyətini diqqətə çatdırıb.
Görüş zamanı qonaqlar təmsil etdikləri universitetin fəaliyyəti, elmi istiqamətləri və beynəlxalq əməkdaşlıq təcrübəsi barədə məlumat veriblər. Bildirilib ki, USTO-MB 1975-ci ildə yaradılıb və Əlcəzairin aparıcı dövlət texnologiya universitetlərindən biri hesab olunur. Təxminən 20 min tələbənin təhsil aldığı universitet ölkənin mühəndislik və texnologiya sahəsində ən mühüm regional elm və təhsil mərkəzlərindən biridir. Elm, innovasiya və texnologiya sahələrində həyata keçirdiyi layihələr, eləcə də beynəlxalq əməkdaşlıq əlaqələri ilə regionun nüfuzlu universitetləri sırasında yer alır.
Görüşdə avtomatika, süni intellekt, IoT, robototexnika və bərpa olunan enerji sahələrində birgə tədqiqatların aparılması, akademik mobillik proqramlarının təşkili, ortaq seminar və konfransların keçirilməsi imkanları müzakirə olunub.
Səfər çərçivəsində elmi seminar da təşkil olunub. Tədbirdə bildirilib ki, Mohamed Della Krachai elektronika və avtomatika sahəsində 20 ildən artıq təcrübəyə malikdir, quraşdırılmış sistemlər, Əşyaların İnterneti (IoT), dərin öyrənmə tətbiqləri və bərpa olunan enerji mənbələri üzrə tədqiqatlar aparır. O, həmçinin IEEE təşkilatının baş üzvü və IEEE-AESS-in Əlcəzair Bölməsinin sədridir. Kheira Melouk isə günəş enerjisi sistemlərinin optimal və intellektual idarə edilməsi, ağıllı kənd təsərrüfatı istixanalarının qeyri-səlis məntiqlə idarə olunması, eləcə də şəhər infrastrukturları üçün IoT həllərinin hazırlanması istiqamətində elmi fəaliyyət göstərir.
Tədbir zamanı əlcəzairli alimlər tərəfindən “MPPT texnikalarında Süni İntellekt” və “Sürətli IoT Prototipləşdirilməsi” mövzusunda məruzələr təqdim edilib. Maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.





