Kibertəhlükəsizlik Laboratoriyası
Kompüter və İT

Bakı Mühəndislik Universitetində fəaliyyət göstərən, ən müasir qurğu və avadanlıqlarla təchiz edilmiş Kibertəhlükəsizlik laboratoriyası təyinatına və proqram-texniki imkanlarına görə respublikada unikal laboratoriyalardan biridir. BP şirkətinin maliyyə dəstəyi ilə yaradılmış laboratoriya real iş şəraitinə uyğun mühitdə şəbəkələrin qurulması, kibertəhlükəsizlik, rəqəmsal kriminalistika, insidentlərə cavab verilməsi və s. istiqamətlərdə praktik bacarıqların tələbələrə aşılanması məqsədini daşıyır. Laboratoriyanın maddi-texniki bazasına FortiGate Firewall, Check Point simsiz şəbəkə qurğuları, server infrastrukturu, IP telefon cihazları və digər şəbəkə təhlükəsizliyi avadanlıqları daxildir.
Laboratoriya informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik ixtisasları ilə yanaşı, kompüter mühəndisliyi, kompüter elmləri, və informasiya texnologiyaları ixtisaslarında təhsil alan tələbələrin müvafiq fənləri keçmələri üçün nəzərdə tutulmuşdur. Laboratoriyada tələbələr həm hücum (Red Team), həm də müdafiə (Blue Team) yönümlü təhlükəsizlik istiqamətləri üzrə praktiki dərslər, o cümlədən təhlükəsiz şəbəkə dizaynı, Wi-Fi təhlükəsizliyi, virtual sistemlər, SIEM analitikası və insidentlərə cavab kimi əsas istiqamətlərdə praktiki məşğələlər keçirlər. Nəticədə real hücum simulyasiyaları, zəifliklərin aşkarlanması, log analizi, firewall idarəetməsi, forensics və şəbəkə monitorinqi kimi sahələrdə təcrübə qazanırlar.



